İranda son sutka ərzində koronavirusdan daha 84 nəfər vəfat edib, 6 182 yeni növ “Covid-19”a yoluxma halı aşkarlanıb.
Gunaz.tv
Bu barədə yanvarın 20-də məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 57 057 nəfərə, virusa yoluxanların sayı isə 1 milyon 348 min 316 nəfərə çatıb.
Xanım Larinin sözlərinə görə, İranda bu günə qədər 1 milyon 137 min 812 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
Sözçü bildirib ki, xəstəliyə yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 4 214 nəfərin vəziyyəti ağırdır.
Sima Sadat Lari sonda qeyd edib ki, İranda bu günə qədər koronavirus üçün 8 milyon 688 min 732 test aparılıb.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 57 057 nəfərə, yoluxanların sayının isə 1 milyon 348 min 316 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin ümumi sayının 215 500 nəfəri keçdiyini, 23 milyon 450 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.
A.M