SON XƏBƏRLƏR

İranda dərviş Kəsra Nuri 12 il həbsə, 74 şallaq zərbəsinə və 2 il sürgünə məhkum edilib

2021.10.20, 07:36
İranda dərviş Kəsra Nuri 12 il həbsə, 74 şallaq zərbəsinə və 2 il sürgünə məhkum edilib

Gunaz.tv

GünAzTV: 5 ay əvvəl Tehranda dərvişlərin dinc etirazında hökumət qüvvələri tərəfindən vəhşicəsinə döyülərək tutulan gənc dərviş Kəsra Nuri 12 il həbsə məhkum edilib. Bu barədə dərvişlərə məxsus “Majzooban.org” (Məczubani-nur) saytı iyulun 29-da məlumat yayıb.

 

Bildirilir ki, Tehran inqilab məhkəməsi “Məczubani-nur” saytının müdirlərindən biri olan Kəsra Nurini həmçinin dərvişlərin problemləri ilə bağlı mediada yazılar yaydığı üçün 74 şallaq zərbəsinə və 2 il Səlas Babacani şəhərinə sürgünə məhkum edib. Bundan başqa, məhkəmənin qərarı ilə gənc dərvişin ölkədən çıxmasına, siyasi və ictimai qruplarda fəaliyyət göstərməsinə və mediada çalışmasına 2 il qadağa qoyulub. Həbsindən dərhal sonra ETTELAAT təcridxanasına aparılaraq işgəncələr altında dindirilən dərviş, hazırda Tehranın məşhur “Fəşafuyə” zindanında saxlanılır.

 

Kəsra Nuri Qonabad dərvişlərinin durumu ilə bağlı mediada göstərdiyi fəaliyyətinə bundan əvvəl də həbs edilərək 4 il müddətinə (2011-ci ildən 2015-ci ilə qədər), (1390-cı ildən 1394-cü ilə qədər) Tehranın Evin zindanında və Şiraz həbsxanasında saxlanılmışdı.

 

“Məczubani-nur” saytının yaydığı son xəbərə əsasən, Tehran inqilab məhkəməsində daha 6 dərvişə hökm oxunub. Məhkəmənin hökmü ilə dərvişlər, Mustafa Mir Məhəmmədi 11 il,  Babək Muradi 7 il, Mahmud Bəğyar 7 il, Səid Durəndiş 7 il, Əhməd İrani Xah 7 il, Əmir Nuri isə 6 il həbsə məhkum edilib. Məhkəmə həmçinin dərvişlərin hər birini 74 şallaq zərbəsinə, 2 il sürgünə məhkum edib, digər hüquqlarına qadağa qoyub.

 

Qeyd edək ki, fevralın 19-u axşam saatlarında Tehranın Pasdaran küçəsində Qonabad dərvişləri ilə hüquq-mühafizə qüvvələri arasında qarşıdurma yaranıb. Polis, dərvişləri dağıtmaq üçün dəyənək və gözyaşardıcı qazdan istifadə edib, onlara odlu silahdan atəş açıb. Nəticədə bir neçə dərviş həlak olub, onlarla dərviş yaralanıb, ən azı 600-ü həbs edilərək naməlum istiqamətə aparılıb. Hüquq-mühafizə əməkdaşlarından isə 3 polis və 1 “Bəsic” muzdlusu ölüb.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar