SON XƏBƏRLƏR

Iranda divarlarda «Xamneyiyə Ölüm!» şüarları çoxalır

2021.10.20, 07:36
Iranda divarlarda «Xamneyiyə Ölüm!» şüarları çoxalır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Iran rəsmiləri prezident seçkilərindən sonra etiraz aksiyaları zamanı həbs edilənlərin həbsxanalarda zorakılıqlara məruz qalması barədə xəbərləri dərc edən “Milli Etimad” qəzetinin bağlanması üçün göstəriş verib. Qəzetin təsisçisi seçkilərdə uduzan islahatyönümlü namizəd Mehdi Kərrubidir. M.Kərrubinin başçılıq etdiyi partiyanın veb-səhifəsində qəzetin artıq avqustun 17-də dərc edilmədiyi barədə məlumat yayılıb. Bu barədə “Amerikanın səsi” radiosunun məlumatında deyilir. M.Kərrubi Iranın nüfuzlu din xadimi Əkbər Haşemi Rəfsəncaniyə həbs edilən qadın və yeniyetmə oğlanların həbsxanalarda zorlamalara məruz qaldıqlarına görə mental və psixoloji baxımdan əziyyət çəkdikləri barədə məktub yazmışdı. Onun müraciəti ölkənin sərt-xətt təmayüllü rəsmilərinin hiddətinə səbəb olub və Iran parlamentinin spikeri bu ittihamları əsassız adlandırıb. Musəvi yeni təşkilat yaratdı Iranın digər müxalifət lideri, Mirhüseyn Musəvi yeni sosial-siyasi hərəkat olan “Yaşıl Ümid Yolu” təşkilatını yaratdığı barədə açıqlama verib. Radionun digər xəbərində isə Iranın fransız müəllimə Klotild Reysi zaminə buraxdığı bildirilir. O, Iran prezidentinin ikinci müddətə seçilməsi əleyhinə keçirilən nümayişlər zamanı casusluq ittihamı ilə məhkəməyə cəlb olunub. Prezident Nikola Sarkozi deyib ki, o, telefon vasitəsilə Reyslə danışıb və hazırda Reysin səhhəti və əhval-ruhiyyəsi yaxşıdır. Xanım Reys haqqında qərar çıxanadək Fransanın Tehrandakı səfirliyində qalacaq. Fransa xarici işlər naziri Bernard Kuşner televiziya ilə çıxışında deyib ki, Fransa Reysin azadlığa çıxması qarşılığında zamin qoyub və bu məbləğ çox deyil. Reys nümayişçilər barədə məlumat toplamaq, şəkillər çəkmək və onları xaricə göndərməklə casusluq etməkdə ittiham olunub. Dini rəhbərə qarşı çıxanlar adlarını açıqlamır Dünyada tanınmış media vasitələri də Irandakı son hadisələrlə bağlı problemləri diqqətdə saxlayır. Media Iranda ali dini rəhbərin vəzifədən çıxarılışına dair çağırışları seçkisonrası baş qaldıran etiraz dalğasının növbəti mərhələsi hesab edir. Nyu-York Tayms qəzetinin yazdığına görə, adlarının gizli saxlanmasını istəyən bir qrup Iran ruhanisi Ayətullah Əli Xamneyini diktator adlandırıb və onun ali dini rəhbərlikdən kənarlaşdırılmasına səsləyən məktub ünvanlayıb. Ötən həftə bir qrup sabiq qanunverici də ali dini rəhbərin vəzifəyə yararlı olmasını sual altına alan məktub yazıb. Bir gün öncə isə tənqidləri cavablandırmaq üçün Ayətullah Xamneyini vəzifəsindən azad etmək səlahiyyətinə malik olan qüdrətli dövlət təsissatı fövqəladə iclas keçirib. Nyu-York Tayms qəzetinin yazdığına görə, bu məktublar Xamneyinin mövqeyinə təhlükə törətmir. Belə ki, ali dini rəhbər təhlükəsizlik xidmətlərinin və siyasi elitanın dəstəyinə malikdir. Ruhani təsisatı ondan çox asılıdır və bu qurumun heç bir üzvü açıq şəkildə Xamneyiyə qarşı çıxmağa cürət edə bilməz. Uzun müddət heç kim tərəfindən sual altına alınmayan Ayətullah Xamneyinin neytral arbitr kimi imici vətəndaşların saxta qiymətləndirdiyi seçkilərin nəticələrinə xeyir-dua verdikdən sonra zədələnib. Divarlara “Xamneyiyə Ölüm!” şüarları yazılır Küçə nümayişlərinin ardınca vüsət alan sərt repressiyalar ona qarşı qəzəbi bir az da gücləndirib. Son günlərdə “Xamneyiyə Ölüm!” ifadələri qraffiti şəklində divarlarda peyda olmağa başlayıb. Cəmi bir neçə həftə əvvəl bu növ ifadənin dilə gətirilməsi ağlasığmaz hesab edilərdi. Xamneyiyə məktub yazan ruhanilər açıq şəkildə qorxularından məktubda adlarını açıqlaya bilmədiklərini deyir. Onların sözlərinə görə, ölkədə elə bir diktatura mövcuddur ki, din müdafiəçiləri təqiyyəyə üz tutmalı olublar. Şiə ayinlərinə əsasən, təqiyyə təcili məqsədlər üçün yalan danışmaq və ya həqiqəti gizlətmək anlamına gəlir. Keçmiş qanunverici və hazırda Bostondakı Massaçustes Universitetində qonaq mühazirəçi kimi çalışan Fatimə Həqiqətcu məktubun müəllifləri ilə danışdığını söyləyir. Onun bildirdiyinə görə, ali dini rəhbəri tənqid etməklə məktub rejimə qarşı etiraz hərəkatını bir addım irəli aparmış olur. Musəvi tərəfdarları məhkəmə qarşısında Bu arada Iranda hakimiyyət orqanları Mirhüseyn Musəvi tərəfdarlarından ibarət növbəti qrupu məhkəmə qarşısına çıxarıb. Vaşinqton Post qəzetinin yazdığına görə, müttəhimlərin məhkəmə zalında verdikləri ifadələr, əgər həbs olunarsa, Musəviyə qarşı istintaq materiallarının tərkib hissəsinə çevrilə bilər. Ictimai etiraflar müxalifət tərəfindən sərt tənqidlərə tuş gəlib. Belə ki, onlar bu etirafların güc tətbiq edilməsi nəticəsində əldə olunduğunu deyir. Müxalifətə qarşı kompramat yığılır IRNA xəbər agentliyinin məlumatına görə, şənbə günü həkimlərlə görüşən Musəvi məhkəmələrin başlıca məqsədinin əsassız illüziyanı sübuta yetirmək olduğunu deyib. Biri Iran yəhudisi olmaqla, 28 müttəhmin əksəriyyəti iki gün öncə məhkəmə zalına gətirilib. Müxalifət liderləri özləri mühakimə edilmirlər, lakin müttəhimlərin ifadələri iğtişaşların təşkilatçıları kimi onların adlarını hallandırır. Əhmədinejad tərəfdarları seçkisonrası iğtişaşları xarici qüvələrin iran rejimini devrimək planı kimi dəyərləndirir. Bazar günü keçirilən məhkəmə prosesində bir çox etiraflar Musəvini birbaşa iğtişaşla əlaqələndirib. 22 yaşlı Qulamrza Alsani məhkəmə zalında Musəviyə ünvanlanmış ifadəsində sabiq prezidentliyə namizədi xalqı hökumətə qarşı qaldırmaqda, qanun pozuntularına sövq etməkdə və inqilabın rəhbərini kədərləndirməkdə günahlandırıb. Məhkəmə prosesini translyasiya edən dövlət televiziyasında iğtişaşların videoları nümayiş etdirilib. Son həftələrdə repressiyaların, mətbuata və ictimai toplantılara qoyulan məhdudiyyətlərin fonunda Əhmədinecadın qələbəsinə qarşı olan etiraz dalğası səngiməkdədir(Turan).

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar