SON XƏBƏRLƏR

İranda həbsdə saxlanılan alim Rəşid Əliyevin anası “Yeni Müsavat”-a danışdı: “Rəşid xeyli sirr bilirdi”

2021.10.20, 07:36
İranda həbsdə saxlanılan alim Rəşid Əliyevin anası “Yeni Müsavat”-a danışdı: “Rəşid xeyli sirr bilirdi”

Gunaz.tv
GünAzTv: "Gözüm yollarda qalıb. Dözə bilmirəm. Səbrim də tükənib. Necə yaşadığımı bilmirəm". Bu sözləri hazırda İranda həbsdə saxlanılan alim, Azərbaycan vətəndaşı Rəşid Əliyevin anası Fatma Əliyeva dedi. Onunla Bolnisinin Faxralı kəndində, R.Əliyevin doğulub boya-başa çatdığı evdə görüşdük. 84 yaşını haqlayan F. Əliyeva oğlunun həbsdən azad ediləcəyi günü səbirsizliklə gözləyir. Özünün də dediyi kimi artıq qaməti bükülüb. Nə qədər yaşayacağını bilmir. Danışdıqca kövrəlirdi. Bizə İrandakı həbsxanalardan danışmağa başladı. Oğlu həbsə düşəndən sonra İrandakı həbsxanalar, məhbusların saxlandığı şəraitlə maraqlanıb. F.Əliyeva dedi ki, oğlu Rəşidin həbsindən bir il sonra xəbər tutub. Oğlunun üzünü sonuncu dəfə 2008-ci ilin yayında görüb. Həbsindən sonra onunla bir dəfə telefonla danışa bilib: "Telefonda danışanda mənə təsəlli verdi. Qayıdacağını dedi". Oğlunun həbsi Fatma nənəni yaman taqətdən salıb. Sanki hər şey bizdən asılı imiş kimi nəzərlərini yerdən qaldırıb "Bircə əlim Rəşidin əlinə dəysəydi..." dedi.  F.Əliyevanın sözlərinə görə, 1937-ci ildə babası Şeyx Molla Qurban Sovet rejiminin qurbanı olub. Dövrünün insanları babasını alim adlandırıblar. Həmin ildə həbs olunan babası Tiflisdə güllələnib. Sovet rejimi dağılandan sonra arxivlərdən babasının ölüm kağızı tapılıb. Oğlu haqda da bəd xəbər eşidəcəyi F.Əliyevanı çox qorxudur. "Qarabağda müharibə başlayanda Rəşid könüllü cəbhəyə getmişdi. Tərtərdə, Murovda döyüşlərdə olub. Qorxmaz adamdı. Oxumuşdu deyə əsgər yoldaşları onu "Dossent" adlandırırdılar" dedi. Qardaşı Bayram Əliyev isə deyir ki, Rəşid bəxti gətirməyən adam olub: "Sonuncu dəfə gedəndə ona getmə dedim. Xeyli sirr bilirdi. Burda maaşı onu qane etmirdi. Ona görə də qayıtmaq istəyirdi. İrana qayıtması üçün pul göndərdilər. Gedən kimi də həbs etdilər. Xataya düşdü. Milli Məclisin sədri Oqtay Əsədov İrana səfəri zamanı Rəşidin məsələsini də qaldırıb. Gözləyək görək nə olur". Sonda qeyd edək ki, Bakı Dövlət Universitetinin Fizika problemləri Elmi Tədqiqat İnstitutunun "Bioloji sistemlər fizikası" laboratoriyasının aparıcı elmi işçisi Rəşid Əliyev 2008-ci il oktyabrın 6-da İran İslam Respublikasında həbs edilib. Rəşid Əliyev İranın "Sazan Electronics İndustry Company" şirkətinin dəvəti ilə, Bakı Dövlət Universitetinin rəhbərliyinin razılığı əsasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Semnan şəhərinə gedib və 2006-2008-ci illərdə adıçəkilən şirkətlə əməkdaşlıq edib. Bu müddət ərzində o, şirkətdə ilk dəfə olaraq proqramla idarə edilən texnoloji lazer sistemlərinin qurulması və işə salınması, müasir lazer sistemləri üçün mükəmməl təcrübə və sınaq stendinin hazırlanmasına rəhbərlik edib. Şirkətin rəhbərliyindən R.Əliyevə İranda daimi qalıb işləməsi ilə bağlı dəfələrlə təklif ünvanlasalar da, o bu təklifi qəbul etməyib və Azərbaycana qayıdıb. Şirkətin direktoru Abbas Eftexarinin təkidli xahişindən sonra Rəşid Əliyev bu dəfə İrana qısamüddətli səfərə gedib. Bir gün sonra isə polis viza problemi olduğunu bəhanə gətirərək onu həbs edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar