İranda son 24 saat ərzində koronavirusdan daha 81 nəfər ölüb, 6 471 yeni növ “Covid-19” infeksiyasına yoluxma halı aşkar edilib.
Gunaz.tv
Bu barədə yanvarın 14-də məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 56 538 nəfərə, xəstəliyə yoluxanların sayı isə 1 milyon 311 min 810 nəfərə çatıb.
Xanım Lari deyib ki, İranda bu günə qədər 1 milyon 101 min 599 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
Sözçünün bildirdiyinə görə, xəstəliyə yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 4 437 nəfərin vəziyyəti ağırdır.
Sima Sadat Lari sonda qeyd edib ki, İranda bu günə qədər koronavirus üçün 8 milyon 370 min 587 test aparılıb.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 56 538 nəfərə, yoluxanların sayının isə 1 milyon 311 min 810 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin ümumi sayının 212 000 nəfəri keçdiyini, 23 milyon 150 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.
A.M