İranda son 24 saat ərzində koronavirusdan daha 86 nəfər vəfat edib, 8 525 yeni növ “Covid-19” infeksiyasına yoluxma halı qeydə alınıb.
Gunaz.tv
Bu barədə martın 3-də məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 60 353 nəfərə, xəstəliyə yoluxanların sayı isə 1 milyon 656 min 699 nəfərə çatıb.
Sözçünün bildirdiyinə əsasən, İranda bu günə qədər 1 milyon 413 min 717 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
Xanım Larinin sözlərinə görə, xəstəliyə yoluxan və hazırda vəziyyəti ağır olan 3 747 nəfər xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirir.
Sima Sadat Lari sonda qeyd edib ki, İranda bu günə qədər koronavirus üçün 10 milyon 32 min 310 test aparılıb.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 60 353 nəfərə, yoluxanların sayının isə 1 milyon 656 min 699 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin ümumi sayının 231 200 nəfəri keçdiyini, 27 milyon 250 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.

A.M