İranda son sutka ərzində koronavirusdan daha 98 vəfat edib, 6 408 yeni növ “Covid-19”a yoluxma faktı qeydə alınıb.
Gunaz.tv
Bu barədə yanvarın 12-də məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 56 360 nəfərə, xəstəliyə yoluxanların sayı isə 1 milyon 299 min 022 nəfərə yüksəlib.
Xanım Lari deyib ki, İranda bu günə qədər 1 milyon 88 min 456 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
Sözçünün bildirdiyinə görə, xəstəliyə yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində saxlanılan 4 507 nəfərin vəziyyəti ağırdır.
Sima Sadat Lari sonda qeyd edib ki, İranda bu günə qədər koronavirus üçün 8 milyon 262 min 166 test aparılıb.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə bu günə qədər koronavirusdan ölənlərin ümumi sayının 56 360 nəfərə, yoluxanların sayının isə 1 milyon 299 min 022 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə bu günə qədər “Covid-19”dan ölənlərin ümumi sayının 210 800 nəfəri keçdiyini, 23 milyon 50 min nəfərdən çox insanın isə xəstəliyə yoluxduğunu bildirirlər.
A.M