SON XƏBƏRLƏR

İranda koronavirusdan ölənlərin sayı 4 nəfərə çatıb

2021.10.20, 07:36
İranda koronavirusdan ölənlərin sayı 4 nəfərə çatıb

Gunaz.tv

GünazTV: İran rəsmiləri daha 2 nəfərin koronavirusdan öldüyü barədə məlumat yayıb. Bununla da son günlər İranda həmin virusdan ölənlərin sayı 4 nəfərə çatıb.

 

İran Səhiyyə Nazirliyinin Qum şəhərində iki nəfərin koronavirusdan öldüyünü rəsmən açıqlamasından sonra bu şəhərdə ibtidai və orta məktəblər, eləcə də ali təhsil ocaqları bu gün tətil elan edilib.

 

İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur fevralın 21-də “Twitter” səhifəsində yaydığı bir yazıda, ölkənin müxtəlif bölgələrində daha 13 nəfərin koronavirusa yoluxduğunu açıqlayıb: “Bunlardan 7-sinin Qumda, 4-ünün Tehranda, 2-sinin isə Gilan əyalətində virisa yoluxduğu təsdiq edilib. Bununla da hazırda ölkədə koronavirusdan ölənlərin sayı 4 nəfərə, virusa yoluxanların sayı isə 18 nəfərə çatıb.

 

Bundan başqa, 735 nəfərdən çox insan da qripə tutulma simptomları ilə xəstəxanalara yerləşdirilərək həkim nəzarəti altına alınıb” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur əlavə edib.

 

Həmçinin İranın QİÇS Araşdırmalar Mərkəzinin rəhbəri, Səhiyyə Nazirliyinin yoluxdurucu xəstəliklər komitəsinin üzvü Minu Mohrəz isə mediaya açıqlamasında İranda koronavirusun yayılma mənşəyinə toxunub. O deyib ki, yüksək ehtimala görə, İranda koronavirusun yayılmasının mənşəyi, Qumda müxtəlif sahələrdə çalışan və vaxtaşırı ölkələrinə gedib gələn çinli fəhlələr olub.

 

 

Xatırladaq ki, fevralın 19-da İranın səhiyyə naziri jurnalistlərə açıqlamasında Qum şəhərində iki nəfərin koronavirusa yoluxduğu bildirsə də, artıq bir neçə saat sonra həmin şəxslərin öldüyü rəsmən elan edilib.  

 

Qeyd edək ki, İran rejimi koronavirusdan ölənlərin 4 və ona yoluxanların 18 nəfər olduğunu bildirsə də, İrandakı müstəqil mənbələr bu rəqəmin qat-qat çox olduğunu və hökumətin ölkədə baş vermiş faciəni ört-basdır etməyə çalışdığını bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar