SON XƏBƏRLƏR

İranda məcburi hicaba qarşı etirazlar davam edir, daha 2 qadın baş örtüklərini açıblar - VİDEO

2021.10.20, 07:36
İranda məcburi hicaba qarşı etirazlar davam edir, daha 2 qadın baş örtüklərini açıblar - VİDEO

Gunaz.tv

GünAzTV: İranın Tehran və Məşhəd şəhərlərində hakim rejimin məcburi hicab siyasətinə qarşı etiraz əlaməti olaraq daha 2 qadın küçədə baş örtüklərini açıblar.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, son günlər paytaxt Tehranda küçədə baş örtüyünü açan gənc bir qadın, hakimiyyətə bağlı çarşablı “Hizbullah”çı qadınlar tərəfindən dövrəyə alınıb. Baş örtüyünü açan qadın, onu mühasirə alan çarşablı qadınların təhdid və hədə -qorxularına baxmayaraq qadınların geyim azadlığını müdafiə edərək məcburi hicaba tabe olmayacağını bəyan edib. Həmin qadının sonrakı taleyi haqda hər hansı bir məlumat yayılmayıb.

 

İranın dindar şəhərlərindən sayılan Məşhədin Səccad bulvarında isə gənc bir xanım, bütün təhlükələrə baxmayaraq 15 dəqiqə ərzində baş örtüyünü açaraq küçədə gəzməyə başlayıb. Qadın, çəkdirdiyi video-çarxda deyib ki, onu başıaçıq görən hər kəs, onun şücaətini alqışlayaraq onu hakimiyyətin zorakılığına qarşı müqaviməti davam etdirməyə təşviq edib. Gənc qadın, digər qadınları qorxunu bir kənara qoyaraq birlikdə baş örtüklərini açmağa çağırıb. Həmin qadının sonradan tutulub-tutulmaması barədə məlumat yayılmayıb.

 

Xatırladaq ki, qadınların məcburi hicaba qarşı dinc etirazına ay yarım əvvəl (deyin 6-da) start verilib. Bir uşaq anası olan Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb və vətəndaşlar tərəfindən dəstəklənib. Həmin qadın, baş örtüyünü açdığına görə iki dəfə həbs edilsə də, sonradan şərti azadlığa buraxılıb.

 

Son həftələr,  İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçə və meydanlarda baş örüklərini açaraq hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildirirlər. Təkcə Tehranda, küçə və meydanlarda baş örtüyünü açan 29 qadın həbs edilib.

 

Qeyd edək ki, İran İslam Respublikasında ictimai yerlərdə baş örtüyünü açan qadınlara cinayət işi açılır. Belə qadınlar, həbs zamanı polis zorakılığına məruz qalır, həbsxanada müxtəlif təhqir, təzyiq və təhdidlərlə üzləşir, 10 gündən iki aya qədər həbsə və pul cəriməsinə məhkum edilirlər.

 

VİDEO:

 

                           Məşhədin Səccad bulvarı

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar