SON XƏBƏRLƏR

İranda Milli Məclis seçkiləri keçirilir

2021.10.20, 07:36
İranda Milli Məclis seçkiləri keçirilir

Gunaz.tv

GünAz TV: Bu gün səhər saat 8 radələrində İranın bütün bölgələrində Milli Məclis seçkiləri start götürüb.

 

İran qanunlarına əsasən, seçkilər saat 20:00-a qədər davam edəcək. Lakin Daxili İşlər naziri uyğun gördüyü təqdirdə, zaman saat 24:00-a qədər uzadıla bilər.

 

“Mehr” xəbər agentliyinin məlumatına görə, səhər saatlarında “dini lider” Əli Xamneyi də səs verib. O, səs verəqini qutuya atdıqdan sonra bildirib ki, “ölkənin milli mənafeyi ilə maraqlanan hər kəs seçkilərdə iştirak etməlidir”.

 

Xamneyi ötən günlərdə də xalqı seçkilərdə iştiraka təşviq etmək üçün hər cür vasitəyə əl atmağa çalışmışdı.

 

“Məni sevməyə bilərsiniz, amma İranı sevirsinizsə, seçkidə iştirak etməlisiniz”, - deyə “dini lider” çıxışlarının birində bildirmişdi.

 

Noyabr etirazları və Ukrayna təyyarəsinin vurulmasından sonra yaşanan hadisələrdən sonra Xamneyini bu cür çıxışı beynəlxalq ictimaiyyət, eləcə də İranda marağa səbəb olmuşdu. Bu, artıq insanların ona və İslam Respublikası siyasi sisteminə qarşı olan etimadsızlığının açıq etirafı hesab edilir.

 

Digər tərəfdən, fevralın 15-də Tehran Universitetinin Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Əhməd Nadiri aparılmış rəy sorğusunun nəticəsinin Tehran əhalisinin yalnız 24%-nin seçkilərə qatılacağını göstərdiyini demişdi.

 

Namizədlərin seçilməsi prosesində Konstitusiyaya Nəzarət Şurasının yol verdiyi saxtakarlıqlar və qərəzli mövqelər səbəbindən isə ölkədə islahatçı və mühafizəkar siyasətçilər arasında son aylar ərzində gərginlik yaşanırdı. Bir neçə gün əvvəl İslahatçıların Ali Siyasi Şurası öz namizədlərindən 90%-nin namizədliyinin təsdiqlənmədiyini, Nəzarət Şurasının saxtakarlıq yolu ilə artıq indidən 290 kürsülük Milli Məclisin 170-dən çox kürsüsünə deputat təyin etdiyini bəyan etmişdi.

 

Seçkilər 208 seçki dairəsi üzrə 55 min seçki məntəqəsində keçirilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar