SON XƏBƏRLƏR

İranda müxalifət liderlərinin ölkədən çıxmasına qadağa qoyulub

2021.10.20, 07:36
İranda müxalifət liderlərinin ölkədən çıxmasına qadağa qoyulub

Gunaz.tv

GünAzTv: İran Parlamentinin Hüquq komissiyasının üzvü Musa Qurbani Böyük Britaniya hökumətinin İranın müxalifət rəhbərlərinə sığınacaq verməsi məsələsinə münasibət bildirib. Bu barədə İranın Jurnalistlər Birliyinin (yjc.ir) saytı məlumat verir.

Bir neçə gün öncə Britaniyanın Tehrandakı səfiri Saymon Ges çıxışında İran müxalifət liderlərinə ölkəsinin sığınacaq verə biləcəyini deyib. Gesin çıxışı İran rəsmilərinin etirazına səbəb olub.

İran Britaniyanı ölkə daxilində gərginlik yaratmaqda ittiham edir. Bu məqsədlə İran Parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyası İran və Britaniya arasında diplomatik əlaqələrin kəsilməsi layihəsini təsdiq edib və yaxın günlərdə bu məsələnin Parlamentdə müzakirəyə çıxarılacağı gözlənilir.

"Fitnə başçıları (müxalifət liderləri) İran hökuməti və xalqı tərəfindən "müharib" elan ediliblər və onlara ölkədən çıxmaq qadağandır. Bu şəxslərə sığınacaq verilsə belə, onlar ölkəni tərk edə bilməyəcəklər", - Qurbani deyib.

Allaha, Peyğəmbərə və İslam hökumətinə qarşı çıxanlar "müharib" adlanırlar. İran qanunvericiliyində "müharib" və "İslam hökumətini devirməyə cəhd göstərən şəxslər" barəsində sürgün və ya ölüm hökmü kimi cəzalar nəzərdə tutulub.

İran müxalifətinin liderləri Mehdi Kərrubi və Mir Hüseyn Musəvi hakimiyyəti "yalan danışmaq", "ölkə iqtisadiyyatını iflic vəziyyətə salmaq" və "təhlükəsizlik qüvvələri vasitəsilə xalqı susdurmaq"da ittiham edib. Kərrubi isə bildirib ki, Əhmədinejad saxta yolla hakimiyyətə gəldi və dövlət büdcəsi ilə KİV-i maliyyələşdirib ölkədə yalan məlumatlar yayır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar