SON XƏBƏRLƏR

İranda noyabr etirazlarında güllə yarası alanlardan daha 2-si həyatını itirib

2021.10.20, 07:36
İranda noyabr etirazlarında güllə yarası alanlardan daha 2-si həyatını itirib

Gunaz.tv

GünAzTV: Bu ilin noyabr ayında İranda benzinin qiymətinin üç dəfə artmasına qarşı keçirilən kütləvi etirazlarda rejim qüvvələrinin odlu silahlardan açdığı atəş nəticəsində güllə yarası alanlardan daha 2-si həyatını itirib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata əsasən, səyyar satıcı olan yaralılardan biri, 23 yaşlı Məhəmməd Məleki yanvarın 26-da aldığı güllə yarasından həyatını itirib. Gənc etirazçının cənazəsi səssiz-səmirsiz Tehran əyalətinin Baharistan şəhərinin İmamzada Bağır qəbiristanlığında torpağa tapşırılıb.

 

Həmçinin etirazlar zamanı ayağından güllə yarası alan və həbs olunmaq təhlükəsini nəzərə alaraq özəl bir klinikada müalicə almaq məcburiyyətində qalan 43 yaşlı Əmir Ucani üç həftə əvvəl həyatını itirsə də, bu barədə xəbər yenicə yayılıb. Onun hansı qəbiristanlıqda dəfn olunması barədə hər hansı bir məlumat yayılmayıb.

 

 Xatırladaq ki, noyabrın 15-dən başlayaraq, İranda hökumətin benzinin qiymətini üç dəfə artırmasına qarşı keçirilən kütləvi etirazlar və səsləndirilən şüarlar qısa zaman içində molla rejiminə qarşı yönəlib. Ölkənin 200-ə yaxın şəhərində keçirilən etirazlarda rejim qüvvələrinin dinc etirazçılara qarşı göstərdiyi misli görünməmiş vəhşilik və qəddarlıq dünya ictimaiyyətini şoka salıb.

 

 

Belə ki, hökumət, “Sepah”, “Bəsic” və mülki geyimli təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahlardan açdığı atəş nəticəsində 1500-dən çox insan qətlə yetirilib, 3700 aksiyaçı güllə yarası alıb, Tehranda və digər şəhərlərdə 11 mindən çox etirazçı polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

 

 Etirazlar zamanı həmçinin ən azı 7 “Sepah” və “Bəsic” muzdlusu, həmçinin 3 axund öldürülüb, birinə isə bədən xəsarəti yetirilib, cəhalət, xurafat və üfunət mərkəzi sayılan 15-ə yaxın dini mədrəsə (mollaxana) etirazçılar tərəfindən yandırılıb.

 

  A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar