SON XƏBƏRLƏR

İranda polis komandanı: “Yaşayış komplekslərində baş örtüyünü açan qadınlara qarşı tədbir planı hazırlamışıq”

2021.10.20, 07:36
İranda polis komandanı: “Yaşayış komplekslərində baş örtüyünü açan qadınlara qarşı tədbir planı hazırlamışıq”

Gunaz.tv

GünazTV: İranın Əlbürz əyalətinin polis komandanı Abbasəli Məhəmmədiyan oktyabrın 8-də Kərəc şəhərində keçirilən bir toplantıda çıxış edərək, polisin yaşayış binalarının daxilində hicaba riayət etməyən qadınlara qarşı tədbir planı hazırlamasından xəbər verib.

 

O deyib ki, yaşayış komplekslərində yaşayan vətəndaşlar, binanın daxilində və koridorlarda qadınların baş örtüklərini açması hallarına rast gəlsələr, özləri birbaşa həmin xanımlara yaxınlaşaraq onlara xəbərdarlıq etməli, bu barədə polislə əməkdaşlıq etməlidirlər: “Vətəndaşlar bu kimi hallarla rastlaşanda baş örtüyünü açmış xanımları “əmr-i be məruf və nəhy əz münkir” (yaxşı işlərə dəvət etmək və pis işlərdən çəkindirmək) etməli, bizimlə bu işdə əməkdaşlıq etməlidirlər.

 

Biz yaşayış komplekslərində hicaba riayət etməyən, baş örtüyünü açan qadınların qarşısını alacaq, buna imkan verməyəcəyik. Biz yaşayış komplekslərində hicabsızlığa qarşı mübarizə aparmaq üçün bir tədbir planı da hazırlamışıq və həmin planı həyata keçirəcəyik” –deyə, Əlbürz əyalətinin polis komandanı Abbasəli Məhəmmədiyan əlavə edib.

 

 

Xatırladaq ki, İranın polis komandanının müavini Əyyub Süleymani ay yarım əvvəl mediaya açıqlamasında polisin ictimai məkanlarda, ticarət mərkəzlərində, dəniz çimərliklərində və avtomobillərin içində hicabına riayət etməyən qadınlara qarşı tədbir planının icrasından və məhdudiyyətlərin sərtləşdirilməsindən danışmışdı.

 

Qeyd edək ki, son iki ildə paytaxt Tehranda və İranın digər şəhərlərində rejimin məcburi hicab siyasətinə qarşı etiraz əlaməti olaraq yüzlərlə qadın küçə və meydanlarda baş örtüklərini açıblar. Nəticədə onlarla qadın polis zorakılığına məruz qalaraq həbs edilib.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar