SON XƏBƏRLƏR

İranda rejim qüvvələrinin tutulan dərvişlərə qarşı zorakılığını əks etdirən videolar yayılıb – 2 VİDEO

2021.10.20, 07:36
İranda rejim qüvvələrinin tutulan dərvişlərə qarşı zorakılığını əks etdirən videolar yayılıb – 2 VİDEO

Gunaz.tv

GünAzTV: Bir həftə əvvəl Tehranın Pasdaran küçəsində hüquq-mühafizə qüvvələrinin hücumunda həbs edilən dərvişlərə qarşı zorakılığını əks etdirən videolar yayılıb.

 

Yayılan videolarda, hüquq-mühafizə qüvvələrinin, “Bəsic” və “Hizbullah”çı muzdlu dəstələrinin yardımı ilə tutduğu dərvişlərə qarşı vəhşiliyini nümayiş etdirən səhnələr öz əksini tapıb. Həmin videolarda əlində dəyənək və qılınc olan hökumət qüvvələri, həbs edilən dərvişlərə qarşı fiziki zorakılıq etdikdən sonra onlara namus söyüşləri verir, yaşlı dərvişlərdən bəzilərinin yalvarışına baxmayaraq onları pis-pis söyərək təhdid və təhqir edirlər. Həmçinin bildirilir ki, tutulan dərvişlərdən ən azı 3-ü aldığı zərbələrdən xəstəxanada keçinib, biri isə həbsxanada işgəncələr altında dindirilirkən öldürülüb. Həmin şəxslərin adları hələlik mediaya açıqlanmayıb. Hazırda rejim qüvvələrinin hücumu nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alan dərvişlərdən ən azı 170-inin təhlükəsizlik qüvvələrinin nəzarəti altında xəstəxanalarda müalicə aldığı bildirilir.

 

Fevralın 19-u axşam saatlarında Tehranın Pasdaran küçəsində Qonabad dərvişləri ilə hüquq-mühafizə qüvvələri arasında baş verən qarşıdurmada 3 polis və 1 “Bəsic” muzdlusu öldürülüb, onlarla dərviş yaralanıb, ən azı 300-ü həbs edilib.

 

Hadisə, dərviş Nemətullah Riyahinin həbs edilməsindən və dərvişlərin yaşadığı məhəllələrin hökumət qüvvələri tərəfindən mühasirəyə alınmasından sonra baş verib. Dərvişlər, əvvəlcə polis komandanları ilə sakitcə danışaraq, həbs edilən fikirdaşlarının dərhal azadlığa buraxılmasını tələb ediblər. Lakin problemin dinc yolla həlli nəticəsiz qaldıqdan sonra, polislər dərvişləri təhdid edərək, onları dağıtmağa cəhd ediblər. Polisin dərvişlərə qarşı zorakılığı isə qarşıdurmaya səbəb olub.

 

Fevralın 20-si sübh saat 04:00 radələrinə qədər davam edən qarşıdurmada, polis, dərvişləri dağıtmaq üçün dəyənək və gözyaşardıcı qazdan istifadə edib, onlara odlu silahdan atəş açıb. Nəticədə onlarla dərviş yaralanıb, ən azı 300-ü həbs edilərək naməlum istiqamətə aparılıb. Qarşıdurmalarda həmçinin 3 polis və 2 “Bəsic” muzdlusu həlak olub, bir neçəsi yaralanıb.

 

Xatırladaq ki, 90 yaşlı Nurəli Tabəndə (Məczubəlişah), məşhur şiə-sufi təriqətlərindən olan Nemətullahi sülaləsinin indiki başçısıdır. Son həftələrdə hökumət qüvvələri iki dəfə onu həbs etməyə çalışsalar da, tərəfdarları onun yaşadığı evin ətrafında toplaşaraq rejimin öz niyyətini yerinə yetirməsinin qarşısını alıblar. Nurəli Tabəndə isə onun tərəfdarı olan dərvişlərə müraciət edərək onları sakitliyə və rejimin əlinə bəhanə verməməyə çağırıb.

 

VİDEOLAR:

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar