SON XƏBƏRLƏR

İranda tələbə bir qız Xamneyi ilə görüşdə onun nəzarətində olan qurumları tənqid edib - FOTOLAR

2021.10.20, 07:36
İranda tələbə bir qız Xamneyi ilə görüşdə onun nəzarətində olan qurumları tənqid edib - FOTOLAR

Gunaz.tv

 GünAzTV: İranın dini lideri axund Əli Xamneyi mayın 28-də ali təhsil ocaqlarının tələbələri ilə görüşərək onlardan bəzilərinin ölkənin indiki durumu ilə bağlı fikirlərini eşidib.

 

Görüşdə, Səhər Mehrabi adlı tələbə bir qız, digər tələbələrin nümayəndəsi kimi tribuna arxasına keçib və dini liderin birbaşa nəzarətində fəaliyyət göstərən İran Dövlət Radio-Televiziyasını, eləcə də İran Məhkəmə Sisteminin ədalətdən kənar fəaliyyətini tənqid edərək, ölkədə qanunun aliliyinə riayət olunmasını, demokratiyanın inkişafına zəmin yaradılmasını və hakimiyyətdə yeni qüvvələrdən istifadə olunmasını istəyib: “Bu gün cəmiyyətdəki təbəqələr arasında sistemli ədalətsizliyin şiddətlənməsi, ictimai fəsadların baş alıb getməsi, insanlar arasında qarşılıqlı etimadın xeyli zəiflənməsi, əxlaq dəyərlərinin məhv edilməsi, ətraf mühitlə bağlı böhranların baş qaldırması, iri şəhərlərin ətrafında gecə qondularda yaşayanların sayının artması, azlıqların hüquqlarından məhrum edilməsi və məşğulluqla bağlı vəziyyətin dözülməz hala gəlməsi ictimai həmrəyliyə dağıdıcı zərbə vuraraq ona mənfi təsir göstərib.

 

Bundan başqa sizin nəzarətinizdə olan bəzi qurumların, o cümlədən də “Sepah”, İran Məhkəmə Sistemi, Dövlət Radio-Televiziyası, Müstəzəflər Fondu və digər qurumların fəaliyyəti barədə hər hansı bir araşdırma aparmağın qeyri-mümkün olması, onlara rəhbərlik edən şəxslərin əməllərinə görə cavabdeh olmaması, ölkənin ən mühüm problemlərindən biri sayılır.

 

Həmçinin ictimai toplantıların keçirilməsi hüququnun pozulması, söz və ifadə azadlığı hüququna qarşı edilən hücumlar, qoyulan qanunsuz süzgəc nəticəsində vətəndaşların azad informasiya mübadiləsindən məhrum edilməsi və mətbuat azadlığına qarşı görülən sərt tədbirlər vətəndaşları son dərəcə narahat edir və onlar hətta qanuni və sivil yolla buna etiraz bildirməkdən də məhrum edilib. Qəbul etməliyik ki, ölkədə tutduğu vəzifəsindən asılı olmayaraq heç bir şəxs qanundan üstün deyil. Məhz, yuxarıda sadalananları nəzərə alaraq, sizin bu tənqidlərə cavabınız nədir”.

 

Ölkənin indiki ağır durumundan müxtəlif yollarla xəbərdar olduğunu bildirən Xamneyi, Səhər Mehrabinin və çıxış edərək ölkənin mövcud problemlərinə toxunan digər bir neçə tələbənin cavabında deyib ki, ölkədə bəzi problemlərin mövcud olmasına baxmayaraq, o hesab edir ki, islam respublikası son 40 ildə özünün bütün ideyalarında uğur qazanıb: “Ölkə silahlı qüvvələri kimi qurumların fəaliyyəti və onlara başçıların təyin edilməsi vəzifəsi dini liderin üzərinə düşür. Lakin, İran Məhkəmə Sistemi və Dövlət Radio-Televiziyası kimi qurumların başçıları dini lider tərəfindən təyin edilsələr də, onların necə idarə olunması mənim nəzarətimdə deyil. Şəxsən mənim də, bu iki qurumun yürütdüyü bəzi siyasətlərinə tənqidim var. Keçmişdə də belə olub.

 

Hesab edirəm ki, ölkənin müxtəlif qurumlarında mövcud olan çatışmazlıqları aradan qaldırmağın və yaşanan problemlərin yeganə həll yolu, həmin qurumlarda daha cavan, aktiv və mömin qüvvələrdən istifadə etməkdir. Mən, keçmişdə buna təkid etmiş, tapşırıqlar vermişəm. İndi də buna təkid edirəm”.

 

 

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar