SON XƏBƏRLƏR

İranda Xaş şəhərinin keçmiş imam cüməsinin oğlu silahlı hücumda qətlə yetirilib - FOTO

2021.10.20, 07:36
İranda Xaş şəhərinin keçmiş imam cüməsinin oğlu silahlı hücumda qətlə yetirilib - FOTO

Gunaz.tv

GünAzTV: İranın Sistan-Bəlucistan əyalətinin Xaş şəhərinin sünni məzhəbli keçmiş imam cüməsi Mövləvi Əbdülsəttarın oğlu, Mövləvi Əbdülşəkür Kürd (Turşabi) naməlum şəxslərin silahlı hücumunda qətlə yetirilib.

 

Hadisə, iyulun 5-i, yerli vaxtla sübh saat 00:08-də baş verib. Naməlum şəxslər, Xaş şəhərinin İmambəxş küçəsində yerləşən, sünnilərə məxsus Tovhidiyyə məscidinin qarşısında odlu silahdan atəş açaraq tanınmış sünni din alimi Mövləvi Əbdülşəkür Kürdü qətlə yetirdikdən sonra hadisə yerindən qaçıblar.

 

İranın bəzi hökumət saytları sünni din aliminə qarşı edilən sui-qəsdi terror aktı kimi qələmə versələr də, Sistan-Bəlucistan əyalətinin mərkəz prokuroru Əli Müvəhhid Rad, jurnalistlərə açıqlamasında hadisənin terror aktı olması ilə bağlı yayılan xəbərləri təkzib edib: “Burada hansısa bir terrordan danışmaq absurddur. Hadisə, tayfadaxili ixtilaflara və şəxsi düşmənçiliyə görə baş verib. Qatilin kimliyi artıq müəyyənləşdirilib və onun tutulub həbs olunması üçün lazımi göstərişlər verilib”.

 

 

Qeyd edək ki, son illər İranın Sistan-Bəlucistan əyalətində bir neçə sünni və şiə rəsmisi, oxşar silahlı hücumlarda qətlə yetirilib. Bəzi yerli mənbələr isə, sünni məzhəbinə məxsus dini hövzələrdə tanınmış alimlərdən biri olan, islam birliyi uğrunda fəaliyyət aparan Mövləvi Əbdülşəkür Kürdün hakimiyyətə bağlı radikal şiə qruplaşmaları tərəfindən öldürüldüyünü bildirirlər.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar