SON XƏBƏRLƏR

İrandan Türkiyəyə qaz nəql edən kəmərdə güclü partlayış baş verib- VİDEO

2021.10.20, 07:36
İrandan Türkiyəyə qaz nəql edən kəmərdə güclü partlayış baş verib- VİDEO

Gunaz.tv

GünAz TV: İrandan Türkiyəyə qaz nəql edən kəmərdə güclü partlayış baş verib. Bazərqan sərhəd buraxılış məntəqəsi yaxınlığında meydana gəlmiş hadisənin şiddətindən alov 40 metr hündürlüyə qədər yüksəlib.

 

Türkiyə mediasının yaydığı məlumata əsasən, hadisə bu ölkənin İranla sərhəddə yerləşən Ağrıdağ əyaləti ərazisində baş verib.

 

Hələlik səbəbi müəyyən olmayan partlayış bu gün səhər saat 6 radələrində, "Gurbulaq" sərhəd buraxılış məntəqəsi ətrafında baş verib.

 

Partlayış o qədər güclü olub ki, meydana gəlmiş alov yerdən 40 metr yüksəkliyə qədər qalxıb. Ətraf kəndlərdən də alov görülüb və güclü partlayış səsləri eşidilib.

 

Makunun Qaz İstismar İdarəsinin rəhbəri də hadisəni təsdiqləyərək, partlayış səsinin eşidilməsindən sonra sərhəd buraxılış məntəqəsi istiqamətində xilasedicilər və qəza xidməti əməkdaşlarının göndərildiyini, lakin partlayışın Türkiyə ərazisində baş verdiyinin məlum olduğunu deyib.

 

Hazırda Türkiyənin Fövqəladə Hallar Nazirliyinin və polis qüvvələrinin hadisə yerində araşdırmalar apardığı və qaz nəqlinin dayandırıldığı deyilir. Hələlik yanğınsöndürənlər alovu tam olaraq ram edə bilməyiblər.

 

Hadisə ilə bağlı Türkiyə polisi araşdırmalara başlayıb.

 

Bundan öncə İrandan Türkiyəyə qaz nəql edən kəmər dəfələrlə PKK və Pejak terror qruplaşmaları tərəfindən partladılıb. Bu gün baş verən hadisənin də onlar tərəfindən törədilməsi istisna edilmir.

 

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar