SON XƏBƏRLƏR

İranın Ali Məhkəməsi sünni məzhəbli 7 müttəhimə çıxarılan ölüm hökmünü təsdiq edib

2021.10.20, 07:36
İranın Ali Məhkəməsi sünni məzhəbli 7 müttəhimə çıxarılan ölüm hökmünü təsdiq edib

Gunaz.tv

GünazTV: İranın Ali Məhkəməsi sünni məzhəbindən olan 7 müttəhimə qarşı çıxarılan ölüm hökmünü təsdiq edib. Bu barədə İrandakı hüquq müdafiəçiləri fevralın 6-də məlumat yayıb.

 

Yayılan məlumata əsasən, 10 ildən bu yana həbsdə saxlanılan və edam təhlükəsi ilə üz-üzə qalan məhkumlar Ənvər Xezri, Kamran Şeyxe, Fərhad Səlimi, Qasım Abəstə, Xosro Bəşarət, Eyyub Kərimi və Davud Abdullahi Mahabad şəhərinin Raşidi xəlifələr məscidinin rejimə bağlı axundu Əbdülrəhim Tinanın qətlində günahlandırılırlar.

 

Mahabadın Raşidi xəlifələr məscidinin camaat namazının imamı Əbdülrəhim Tina 2009-cu ilin oktyabr ayında naməlum silahlı şəxslərin hücumuna məruz qalaraq qətlə yetirilib. Onun qətlində günahlandırılan məhkumlar isə barələrində irəli sürülən ittihamı rədd edir, ağır fiziki işgəncələr altında onlardan yalançı etiraflar alındığını bildirirlər.

 

Bildirilir ki, ilkin məhkəmənin qərarı ilə edama məhkum edilən sünni məzhəbli məhkumların işinə son günlər İranın Ali Məhkəməsində baxılsa da, onlara çıxarılan ölüm hökmü təsdiq edilərək qüvvədə saxlanılıb.

 

Urmiya və Mahabadın ETTELAAT idarəsinin məkrli planının qurbanı olduqlarını bildirən məhkumlar, bundan əvvəl dəfələrlə aclıq aksiyası edərək, zindanda ağır şəraitdə təzyiq altında saxlandıqlarına etiraz bildiriblər.

 

Hazırda Kərəcin Rəcayişəhr zindanında saxlanılan məhkumlar həmçinin birgə açıq məktubla beynəlxalq təşkilat və qurumlara, o cümlədən də BMT-nin insan hüquqları üzrə ali komissarına, həmin qurumun İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhmana müraciət edərək, onlardan yardım tələb ediblər.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar