SON XƏBƏRLƏR

İranın Ali Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Boltonun İrana xəbərdarlığına reaksiya verib

2021.10.20, 07:36
İranın Ali Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Boltonun İrana xəbərdarlığına reaksiya verib

Gunaz.tv

GünazTV: İranın Ali Milli Təhlükəsizlik Şurasının sözçüsü Keyvan Xosrəvi mayın 6-da jurnalistlərə açıqlamasında ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun İrana xəbərdarlıq məqsədilə səsləndirdiyi son bəyanatına reaksiya verib.

 

O bildirib ki, Boltonun Amerikanın təyyarə daşıyan “USS Abraham Lincoln” gəmisinin və bu ölkənin bombardmançı qırıcılarının bölgəyə göndərilməsi ilə bağlı bəyanatı yeni bir şey deyil və bu bəyanatlar şou yaratmaq məqsədi ilə səsləndirilir: “Boltonun hərbi və təhlükəsizlik məsələlərdən anlayışı yoxdur və onun bu sözləri də daha çox şou xarakteri daşıyır.

 

İran İslam Respublikasının silahlı qüvvələrinin dəqiq məlumatına görə, Amerikanın təyyarə daşıyan “USS Abraham Lincoln” gəmisi hələ 21 gün əvvəl Aralıq dənizinə daxil olub. Elə buna görə də, hesab edirik ki, Boltonun dedikləri, psixoloji bir savaş başlatmaq məqsədi ilə məlum bir olaydan naşıcasına sui-istifadə etməkdən başqa bir şey deyil.

 

Amerika ordusu regional böhranlar qarşısında mütəmadi olaraq uğursuzluqla üzləşib. Məhz buna görə də, güman etmirəm ki, Amerika ordusunun və onun komandanlarının İranın silahlı qüvvələrinin gücünü sınamağa hansısa bir meyli və ya rəğbəti olsun” –deyə Keyvan Xosrəvi əlavə edib.

 

 

Xatırladaq ki, Bolton mayın 5-də jurnalistlərə açıqlamasında Amerikanın Orta Şərq regionunda öz hərbi gücünü artırmasından danışıb. İranın bölgədə apardığı təxribat xarakterli fəaliyyətinə toxunan Bolton deyib ki, Tramp hökuməti Amerikanın regionda hərbi qüvvələrinin gücünü artırmaqla Tehran rejiminə açıq bir siqnal vermək istəyir: “Amerika İranla müharibə etmək fikrində deyil. Lakin İranın Amerika qüvvələrinə və ya onun regional müttəfiqlərinə qarşı hər hansı bir hərbi addımına sarsıdıcı cavab verəcək. ABŞ hökuməti, İranın regional çaxnaşmaları qızışdırmasını və onun bölgənin sabitliyinə qarşı yönələn təhdidlərini nəzərə alaraq, özünün təyyarə daşıyan “USS Abraham Lincoln” gəmisi ilə bombardmançı-qırıcılarını Orta Şərq məntəqəsinə göndərməyi qərara alıb.

 

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton

 

Hesab edirəm ki, ABŞ-ın “USS Abraham Lincoln” gəmisinin və bombardmançı qırıcılarının bölgəyə göndərilməsi İran rejiminə açıq bir mesajdır. O da budur ki, İran tərəfindən ABŞ-ın mənafeyinə və onun müttəfiqlərinə qarşı həyata keçirilən hər hansı bir hücuma, kəskin və sarsıdıcı cavab veriləcək. Biz İranla savaşmaq niyyətində deyilik. Lakin, “Sepah”ın, onun dəstəklədiyi muzdlu qruplaşmaların və İran ordusunun qüvvələrimizə qarşı hər hansı bir hücumuna kəskin reaksiya vermək üçün tam hazır vəziyyətdəyik” –deyə Con Bolton vurğulayıb

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar