SON XƏBƏRLƏR

İranın Baş prokuroru: “5-6 rüşvətxor hakim işdən çıxarılıb”

2021.10.20, 07:36
İranın Baş prokuroru: “5-6 rüşvətxor hakim işdən çıxarılıb”

Gunaz.tv

GünAz TV: İranın Baş prokuroru Məhəmmədcəfər Müntəziri son 1-2 həftə ərzində 5-6 rüşvətxor hakimin məhkəmə iclasının keçirildiyini və nəticədə onların məhkəmə orqanlarından xaric edildiyini iddia edib.

 

Onun sözlərinə görə, hazırda 7-10 nəfər digər hakimin də eyni ittihamla məhkəmə prosesinə hazırlıq gedir.

 

Xatırladaq ki, oktyabrın 13-də Məhəmmədcəfər Müntəziri 5 rüşvətxor hakimin məhkəmə orqanlarından xaric edildiyini bəyan etmişdi. Bundan sonra İran prezidentinin müşaviri Hisaməddin Aşina “Twitter”də yazdığı statusda Baş prokurordan sözügedən rüşvətxor hakimlərin adlarını və fəaliyyətləri ilə bağlı məlumatları da açıqlamağı tələb etmişdi. O bildirmişdi ki, həmin şəxslərin şəxsiyyətlərinin gizlədilməsi onların əməllərindən zərər görmüş insanların hüquqlarının bərpa edilməsinə maneə olur.

 

Bir müddət öncə İranda Mahmud Əhmədinejadın prezidentlik dövründə müavini olmuş Həmid Bəqayinin və bir neçə digər səs-küylü cinayət işinin müstəntiqi olmuş, eləcə də İnstagram sosial şəbəkəsinin bloklanmasına göstəriş vermiş Bicən Qasımzadənin korrupsiya ittihamı ilə həbs olunduğuyla bağlı xəbərlər yayılmışdı.

 

İbrahim Rəisinin məhkəmə sisteminə sədr təyin edilməsindən bir müddət sonra isə sədrin icra məsələləri üzrə müavini Əkbər Təbəri və onunla əlaqəli 15 nəfər rüşvətxorluğa görə həbs edilmişdi. Bir çox mənbələrə əsasən, Təbəri bütün rüşvətxorluq faktlarını məhkəmə sisteminin sabiq rəhbəri və hazırda Ali Məsləhət Şurasının sədri vəzifəsində çalışan Sadiq Laricanin göstərişi ilə icra edib. 

 

Qeyd etmək lazımdır ki, İranın məhkəmə orqanları korrupsiyanın ən çox yayıldığı dövlət qurumlarındandır. Bu hal bir çox hallarda digər rəsmilər və deputatlar tərəfindən də etiraf edilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar