SON XƏBƏRLƏR

İranın Mədəni İrs İdarəsi Manna dövrünə aid 3 minillik qədəhin nümayiş etdirilməsinə mane olur

2021.10.20, 07:36
İranın Mədəni İrs İdarəsi Manna dövrünə aid 3 minillik qədəhin nümayiş etdirilməsinə mane olur

Gunaz.tv

GünAz TV: İranın Turizm, Əl İşləri və Mədəni İrs İdarəsi Güney Azərbaycanın Xalxal məntəqəsində tapılan  türk Manna Çarlığı dövrünə aid üç min illik qədəhin nümayiş etdirilməsinə maneçilik edir.

 

 

Gümüş qədəh bir il öncə Xalxalın Şal kəndində yerləşən Çaladem məzarlığında aparılan arxeoloji qazıntı zamanı tapılıb.

 

 

Çaladem məzarlığının arxeoloji tədqiqi ekspedisiyasının rəhbəri Rza Şaiqi sözügedən qədəh və tapılan digər əşyaların hazırda Ərdəbil Arxeologiya Muzeyində saxlanıldığını, onların üzərində tədqiqat və bərpa işlərinin aparıldığını bildirib.

 

 

Tapılan əşyaların əhəmiyyətinə görə onların üzərində aparılan araşdırmaların çox vaxt apardığını deyən Şaiqi əlavə edib ki, əşyaların əksəriyyəti dəmir dövrünə aid ritual, dini və hərbi əşyalardır. O, tədqiqat nəticəsinin bir neçə ay ərzində bəlli olacağını deyib.

 

 

Ərdəbil Əyaləti Turizm, Əl İşləri və Mədəni İrs Təşkilatının rəisi Nadir Fəllahi də kəşf edilən əşyaların, o cümlədən Manna dövrünə aid 3 minillik gümüş qədəhin tədqiqatdan sonra Xalxal Muzeyinə təhvil veriləcəyini açıqlayıb.

 

  

Halbuki, Fəllahi keçən il bu qədəhin 18 May 2019 tarixində – Beynəlxalq Muzeylər Günündə Ərdəbildə sərgilənəcəyini bildirmişdi.  

 

 

Fəllahinin həmin vaxt haqlı olaraq Manna Çarlığının türk dövləti olduğunu deməsi İranda paniranist və anti-türk qüvvələrin etirazına səbəb oldu. Həmin qüvvələr özlərinə məxsus kütləvi informasiya vasitələrində Fəllahiyə qarşı hərəkətə keçərək Mədəni İrs Təşkilatının rəisini sözlərini təkzib etməyə çağırdılar.

 

 

İranın təhlükəsizlik orqanlarının təzyiqi nəticəsində ölkənin bir çox rəsmi xəbər agentliyi ya xəbəri bütünlüklə saytlarından qaldırdılar və ya təhrif edərək “Manna Çarlığı türk dövləti olub” ifadəsini xəbərin mətnindən çıxardılar.

 

Ərdəbil Əyaləti Turizm, Əl İşləri və Mədəni İrs Təşkilatının rəsmi saytı da ilk xəbərin yayılmasından 10 gün sonra bir yazı dərc edərək məsələni təkzib etdi.

 

 

 

 

 

Qeyd edək ki, bundan əvvəl Manna Çarlığı dövrünə aid Güney Azərbaycanın Meşginşəhr (Xiyav) və Sulduzun Həsənli bölgəsində iki önəmli qızıl qədəh (kasa) tapılıb, lakin İran hökuməti həmin tarixi əsərlərin Azərbaycanda sərgilənməsinə imkan vermir.

 

 

Xiyavda altı il əvvəl tapılan tarixi qızıl kasa hələ də bu şəhərdə sərgilənməyib, onun harada saxlandığı da dəqiq məlum deyil. Həsənli bölgəsində tapılan üç min illik qızıl kasa isə Azərbaycanda deyil, Tehranın “Milli Muzeyi”ndə saxlanılır. 

 

 

Ü.F

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar