İranın Qum şəhərində dini mədrəsələrdə təhsil alan tələbələr bu gün Dağlıq Qarabağda Azərbaycan qoşunları ilə işğalçı Ermənistan rejiminin qoşunları arasında baş verən toqquşmalarla bağlı "Qomnews" agentliyinə müsahibə veriblər.
Gunaz.tv
Onlar açıq-aşkar anti-Azərbaycan mövqeyi sərgiləyərək, bu gün işğalçı Ermənistan ordusunun Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqla müşayiət olunan növbəti təxribatına haqq qazandırmağa, Ermənistanın əvəzinə, ölkəmizi "təcavüzkar" adlandırmağa çalışıblar.
Dini təhsil alan bu tələbələr Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olmasını faktını danaraq, xalqımıza və dövlətimizə qarşı düşmən mövqe sərgiləyiblər.
Onların bu müsahibəsi ilə əlaqədar "Qomnews" agentliyinin "Twitter" səhifəsində paylaşdığı yazının tərcüməsini olduğu kimi təqdim edirik.
"Azərbaycanın Qarabağa hücumunun qınanması.
Azərbaycanın Qarabağa "namərdcəsinə raket hücumu" nəticəsində Ermənistanın bir neçə Qarabağlı vətəndaşı "şəhid olmuşdur".
Qom News ilə söhbətlərində dini təhsil alan bir qrup tələbə və Qum əhalisi bu "cinayəti" pisləyərək, Azərbaycan səfirinin İranın Xarici İşlər Nazirliyinə çağırılmasını tələb ediblər".

Qeyd etmək lazımdır ki, İran mediası Qarabağda baş verən bütün döyüşlərdə daim anti-Azərbaycan mövqeyi sərgiləyərək, yalan və saxta xəbərlər yayır.
Bu gün Ermənistanın cəbhə xəttində yenidən Azərbaycan mövqelərini və yaşayış məntəqələrini atəşə tutması nəticəsində Azərbaycan hərbçiləri və mülki əhalisi arasında ölən və yaralananlar var. Ordumuzun həyata keçirdiyi cavab tədbirləri nəticəsində bir neçə kənd işğaldan azad edilib və işğalçı Ermənistan ordusu geri otuzdurulub. Hazırda cəbhə xəttində şiddətli döyüşlər gedir.
Ə.A