SON XƏBƏRLƏR

İranın Rəşt şəhərində məcburi hicaba etiraz əlaməti olaraq daha bir qadın baş örtüyü açıb - VİDEO

2021.10.20, 07:36
İranın Rəşt şəhərində məcburi hicaba etiraz əlaməti olaraq daha bir qadın baş örtüyü açıb - VİDEO

Gunaz.tv

GünAzTV: İranın Gilan əyalətinin mərkəzi olan Rəşt şəhərində daha bir qadın, molla rejiminin məcburi hicab siyasətinə etiraz əlaməti olaraq küçədə baş örtüyünü açıb.

 

Adı mediaya açıqlanmayan gənc qadın, fevralın 7-də Rəşt şəhərinin Gülsar məntəqəsində yerləşən “Bəsic” qərargahının qarşısında dayanıb və baş örüyünü açandan sonra onu havada yelləməyə başlayıb. Həmin qadın az sonra polis və mülki geyimli təhlükəsizlik qüvvələri tərəfindən tutularaq naməlum istiqamətə aparılıb.

 

Xatırladaq ki, qadınların məcburi hicaba qarşı dinc etirazına ay yarım əvvəl (deyin 6-da) start verilib. Bir uşaq anası olan Vida Müvəhhid adlı 31 yaşlı bir qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib. O, göstərdiyi bu şücaətinə görə sosial şəbəkələrdə “İnqilab küçəsinin qızı” adı ilə məşhurlaşıb və vətəndaşlar tərəfindən dəstəklənib. Həmin qadın, baş örtüyünü açdığına görə iki dəfə həbs edilsə də, sonradan şərti azadlığa buraxılıb.

 

Son həftələr,  İranın müxtəlif şəhərlərində onlarla qadın “Məcburi hicaba yox” kampaniyasına qatılaraq, küçə və meydanlarda baş örüklərini açaraq hakimiyyətin məcburi hicab siyasətinə dinc etirazlarını bildirirlər. Baş örtüyünü açdıqlarına görə, təkcə Tehranda 29 qadın həbs edilib.

 

Qeyd edək ki, İran İslam Respublikasında ictimai yerlərdə baş örtüyünü açan qadınlara cinayət işi açılır. Belə qadınlar, həbs zamanı polis zorakılığına məruz qalır, həbsxanada müxtəlif təhqir, təzyiq və təhdidlərlə üzləşir, 10 gündən iki aya qədər həbsə və pul cəriməsinə məhkum edilirlər.

 

VİDEO:

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar