İrandın Rəzəvi Xorasan əyalətində Rixter cədvəli üzrə 4.2 bal gücündə zəlzələ baş verib.
Gunaz.tv
Tehran Universitetinin Geofizika İnstitutunun yaydığı xəbərə əsasən, zəlzələ yanvarın 11-i axşam saat 22:57 radələrində əyalətin Sefidsəng məntəqəsində yerin 9 kilometr dərinliyində qeydə alınıb.
Zəlzələ nəticəsində ətraf dağlardan düşən bir neçə iri daş magistral yolu bağlayaraq hərəkətdə olan “Prayd” markalı minik avtomobilinə toqquşub. Hadisə nəticəsində 3 sərnişini olan avtomobil yoldan çıxaraq aşıb. Nəticədə 2 nəfər yerindəcə keçinib, 1 nəfər ağır bədən xəsarəti alıb.
Zəlzələ Rəzəvi Xorasan əyalətinin mərkəzi sayılan Məşhəd şəhərində də hiss olunub.
İran Təcili Tibbi Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi mediaya açıqlamasında deyib ki, Sefidsəng zəlzələsindən qorxuya və panikə düşən 3 hamilə qadın xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib.
Zəlzələnin mümkün dağıntılara səbəb olub-olmaması barədə hər hansı bir məlumat yayılmayıb.

A.M