SON XƏBƏRLƏR

İranın sınaqdan keçirdiyi son ballistik raketi BMT Təhlükəsizlik Şurasında müzakirə edilib

2021.10.20, 07:36
İranın sınaqdan keçirdiyi son ballistik raketi BMT Təhlükəsizlik Şurasında müzakirə edilib

Gunaz.tv

GünAzTV: Dekabrın 4-də BMT Təhlükəsizlik Şurasının toplantısında İranın son vaxtlar sınaqdan keçirdiyi yeni balisstik raketi müzakirə edilib.

 

Fransa və Böyük Britaniyanın istəyi ilə bağlı qapılar arxasında keçirilən toplantıda, hər iki ölkənin, eləcə də Amerikanın nümayəndələri İranın bu addımını kəskin tənqid ediblər. İran isə həyata keçirdiyi raket sınaqlarının BMT qətnamələrini pozmadığını iddia edir.

 

Toplantıda çıxış edən Amerikanın BMT-dəki daimi nümayəndəsi Nikki Haley İranın raket sınaqlarının beynəlxalq ictimaiyyət tərəfindən məhkum edilməsini tələb edib. O bildirib ki, İranın sınaqdan keçirdiyi raketlər dünya ictimaiyyətinin ciddi nigaranlığına səbəb olub: “İranın sınaqdan keçirdiyi yeni ballistik raketi nə qədər təhlükəli və nigaran edici olsa da, Tehranın bu addımı heç də gözlənilməz deyildi.

 

Hesab edirəm ki, İran hər dəfə BMT qətnamələrini açıq-aşkar pozduğu bir halda, dünya birliyi onun bu addımına göz yummamalı, sakit qalmamalıdır. Əgər BMT Təhlükəsizlik Şurası İranın həqiqətən bu barədə cavabdeh olmasını və qəbul etdiyi qətnamələrə əməl etməsini istəyirsə, ən azından yekdilliklə İranın son təhrikedici ballistik raket sınağını pisləməlidir”.

 

Toplantıda Fransa və Böyük Britaniya nümayəndələri bildiriblər ki, İranın ballistik raket sınaqları, 2015-ci ildə İranla Qərb ölkələri arasında imzalanmış nüvə sazişini təsdiq edən BMT-nin 2231 saylı qətnaməsinə qarşı zidd addım olduğu üçün qarşısı alınmalıdır.

 

 

Xatırladaq ki, ABŞ dövlət katibi Mayk Pompeo dekabrın 1-də bəyanat yayaraq, İranın sınaqdan keçirdiyi yeni orta mənzilli ballistik raketindən danışıb. O bildirib ki, İranın son vaxtlar sınaqdan keçirdiyi yeni ballistik raketi bütün Orta Şərqi və Avropanın müəyyən bir hissəsini hədəfə ala bilər: “İran son vaxtlar nüvə başlığı daşımağa qadir olan orta mənzilli yeni bir ballistik raket sınaqdan keçirib. Bu isə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 2231 saylı qətnaməsinə zidd addımdır.

 

İranda raket sınaqlarının sayı artmaqdadır. Əgər biz bu sahədə hansısa qabaqlayıcı bir tədbir görməsək, bölgədə getdikcə çaxnaşmanın artması təhlükəsi ilə üzləşəcəyik. Biz, İranın bu addımını pisləyərək, rəsmi Tehrandan nüvə başlığı daşımağa qadir bütün ballistik raketlərlə bağlı fəaliyyətini dərhal dayandırmasını tələb edirik”.

 

 

İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şikarçı dekabrın 2-də jurnalistlərə açıqlamasında Amerika rəsmilərinin İranda sınaqdan keçirilmiş yeni ballistik raketi ilə bağlı səsləndirdiyi bəyanatlara reaksiya verib.

 

O bildirib ki, İran raket sınaqlarını keçirmək üçün heç bir ölkədən icazə almayacaq: “Biz, həm raketlərin sınaqdan keçirilməsini, həm də raket proqramımızın genişləndirilməsi ilə bağlı fəaliyyətimizi davam etdirəcəyik. Bizim raketlər, hər hansı bir müzakirə mövzusu ola bilməz. Bu, bizim milli təhlükəsizliyimizlə bağlı olan bir məsələdir. Elə buna görə də, bu barədə heç bir ölkənin icazəsini almayacağıq. Bizim inkişaf elətdirdiyimiz raket proqramı, yalnız müdafiə və qabaqlayıcı xarakter daşıyır”.

 

                                                                    Əbülfəzl Şikarçı

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar