SON XƏBƏRLƏR

İranın təhsil naziri irqçi açıqlamasını belə təkrar etdi: Məktəb qeyri-fars uşaqlarının fars dilini öyrənməsi məkanıdır

2021.10.20, 07:36
İranın təhsil naziri irqçi açıqlamasını belə təkrar etdi: Məktəb qeyri-fars uşaqlarının fars dilini öyrənməsi məkanıdır

Gunaz.tv

GünAz TV: İranın Təhsil naziri Məhəmməd Bəthayi növbəti dəfə ölkədə qeyri-fars millətlərinin ana dilini hədəfə alan açıqlama ilə çıxış edib.


O bu barədə avqustun 28-də parlamentin təhsil və tədqiqat komissiyasının nazirin hesabat verməsi mövzusunda keçirdiyi iclasda danışıb. Məlum olub ki, onun suallara verdiyi cavablar deputatları qane etməyib, nazirin parlamentdə hesabat verməsi ilə bağlı tələb məclisin Rəyasət Heyətinə göndərilib.


M.Bəthayi qeyri-fars dillərinin əleyhinə səsləndirdiyi irqçi açıqlamasına qarşı verilən reaksiyalara belə cavab verib: “Əldə olunan məlumatlara görə, bəzi məktəblərdə dərslər (fars dilində olan mətnlər) qövmlərin dilində tədris olunur. Halbuki, məktəb ev və küçədə ana dilində söhbət edən şagirdlərin farsca öyrənməsi məkanıdır.”


Nazir mövzu ilə bağlı bir fakta diqqət çəkməyə çalışıb. O bildirib ki, “mən şəhərlərin birində bir dərs otağına getdim. Şagirdlərin birinə dərsi ilə bağlı bir sual verdim. O məni başa düşmədi. Müəllim sualımı şagirdin ana dilinə tərcümə etdikdən sonra o sualı cavablandırdı.”


Bundan əvvəl, iyulun 14-də təhsil naziri Məhəmməd Bəthayi şagirdlərə qeyri-fars dillərində dərs keçməyin təhlükəli və qadağan olduğunu vurğulayaraq məktəblərdə tədrisin fars dilində olması məsələsini “sistemin qırmızı xətti” adlandırmışdır. Nazirin bu açıqlaması qeyri-fars millətləri, xüsusi ilə də Azərbaycan türklərinin geniş etirazına səbəb olmuşdur.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar