SON XƏBƏRLƏR

İranlı axund: “Düşmənin və əcnəbilərin tribunasına çevrilən "virtual aləm" quduz it kimidir, ona nəzarət olunmalıdır”

2021.10.20, 07:36
İranlı axund: “Düşmənin və əcnəbilərin tribunasına çevrilən "virtual aləm" quduz it kimidir, ona  nəzarət olunmalıdır”

Gunaz.tv

GünAzTV: İranda, Üləma Məclisinin rəyasət heyətinin sözçüsü, Tehranın cümə namazının dönəm başqanı axund Əhməd Xatəmi, yanvarın 25-də jurnalistlərə açıqlamasında son bir ayda ölkədə hakimiyyətə qarşı keçirilən kütləvi xalq etirazlarından danışıb.

 

İki həftə müddətinə, ölkənin 100-dən çox şəhərini bürüyən kütləvi xalq etirazlarını “iğtişaşlar” adlandıran axund Xatəmi bildirib ki, Üləma Məclisinin son iclasında sözü gedən etirazlar müzakirə edilib: “Hesab edirik ki, bu kimi iğtişaşların gələcəkdə bir baş verməməsi üçün indidən ciddi tədbirlər görülməlidir. Müxtəlif qurumlara da xəbərdarlıq edilib ki, ayıq olsunlar və düşmənlərin formalaşdırdığı bu kimi hərəkətlərin yenidən təkrar olmasına imkan verməsinlər.

 

Mən, Üləma Məclisinin rəyasət heyətinin sözçüsü kimi bildirirəm ki, qurumun son iclasına qatılanların ruhanilərin hamısı, ölkədəki "virtual aləm"in indiki fəaliyyətindən nigarandırlar. Təəssüflər olsun ki, ölkədə baş verən son iğtişaşlara başçılıq edənlər, virtual aləmdə olan fitnəçilər idi. Sağlam bir "virtual aləm"in fəaliyyəti hamı tərəfindən bəyənilir. Bunda heç bir problem yoxdur. Lakin düşmənin və əcnəbilərin tribunasına çevrilən "virtual aləm" quduz it kimidir. Əgər bu quduz iti özbaşına buraxsan, yenidən dönüb adamı qapıb dişləyəcək. Elə buna görə də düşünürəm ki, ölkə rəsmiləri bu barədə ayıq-sayıq olmalı, virtual aləmin fəaliyyətini ciddi nəzarətdə saxlamalıdır”.

 

Xatırladaq ki, 2017-ci ilin sonlarından başlayaraq hakimiyyətin çökmüş, çürümüş və iflasa uğramış iqtisadi, daxili və xarici siyasətinə, yoxsulluğa və repressiyalara qarşı kütləvi xalq etirazları keçirilib. Xamneyiyə, prezident Həsən Ruhaniyə  “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub.

 

 

Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 4000 nəfərdən çox insan həbs edilib. Tutulanlardan ən azı 11-i İranın müxtəlif şəhərlərinin zindanlarında dindirilərkən işgəncələr altında öldürülüb. Hakimiyyət rəsmiləri isə həmin şəxslərin “intihar” etdiyini iddia edirlər. Hazırda ölkənin iri şəhərlərində elan olunmamış fövqəladə vəziyyət hökm sürdüyünə görə, etirazlar müvəqqəti olaraq dayandırılıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar