SON XƏBƏRLƏR

İranlı axunddan ciddi xəbərdarlıq: “Bizim qaçmağa yerimiz yoxdur, millət üsyana qalxsa, hamımızı dənizə tökəcək”

2021.10.20, 07:36
İranlı axunddan ciddi xəbərdarlıq: “Bizim qaçmağa yerimiz yoxdur, millət üsyana qalxsa, hamımızı dənizə tökəcək”

Gunaz.tv

GünAzTV: Qum dini hövzəsinin axundu, Tehranın cümə namazının dönəm başqanı Abdulla Cavadi Amoli, aprelin 26-da İranın Əmək naziri ilə görüşərək hakimiyyət strukturlarında baş verən böyük oğurluqlardan, rəsmilərin səriştəsizliyindən və ölkə əhalisinin gündən-günə yoxsullaşmasından gileylənib.

 

Ölkə iqtisadiyyatının gündən-günə pisləşməsindən, hakimiyyət daxilindəki sistemli fəsad və korrupsiyadan və kasıb insanların güzəranının getdikcə ağırlaşmasından danışan axund Amoli xəbərdarlıq edərək bildirib ki, vəziyyət belə davam etsə, yoxsul kütlələrin seli hər şeyi yuyub özü ilə aparacaq: “Əgər millət ölkəyə hakim ağır iqtisadi durumdan cana gəlib üsyana qalxsa, bizim hamımızı dənizə tökəcək. Mən, yoxsulluğun millətin fəqərə sütununu sındıra biləcəyindən nigaranam. Çünki fəqərə sütunu sınan bir millətin artıq müqavimət etməyə gücü qalmaz və asanlıqla başqalarına tabe olar.

 

Necə olur ki, 800 milyonluq əhalisi olan kommunist və dinsiz Çin kimi bir ölkə, küfürlə bu qədər insanı dolandıra, yaşatdıra bilir. Lakin biz, İmam Hüseyn və İmam Əlimiz ola-ola, təbii sərvətlərə, geniş əraziyə və münbit torpaqlara malik olduğumuz bir halda 80 milyonluq bir əhalini təmin etməkdə aciz qalmışıq və problemlər içində boğuluruq. Axı bu qədər yeraltı və yerüstü təbii sərvəti olan bir ölkənin vətəndaşları niyə ac qalmalı və bu qədər yoxsul olmalıdır.

 

Mən, bir daha xəbərdarlıq edərək bildirirəm ki, ölkənin indiki acınacaqlı və ağır iqtisadi durumunun davam etməsi, xalqı ayaqlanmağa, qiyama sövq etdirə bilər. Elə buna görə də, hesab edirəm ki, diqqətlı olmalı, ağlınızı başınıza yığmalısınız. Düzdür, çoxları ölkədən qaçıb və ya qaçmaq üçün özünə yer axtarıb tapıb. Lakin bizim qaçmağa belə yerimiz yoxdur və millət üsyana qalxsa, bizim hamımızı dənizə tökəcək”.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar