SON XƏBƏRLƏR

İranlı deputat: “Ölkədə çox mühüm və yüksək vəzifədə çalışan rəsmilərdən biri Böyük Britaniyanın vətəndaşıdır”

2021.10.20, 07:36
İranlı deputat: “Ölkədə çox mühüm və yüksək vəzifədə çalışan rəsmilərdən biri Böyük Britaniyanın vətəndaşıdır”

Gunaz.tv

GünAzTV: İran parlamentinin deputatı, “İkili vətəndaşlığı olan vəzifəli şəxslərin kimliyini araşdıran komitə”nin üzvü Əbülfəzl Turabi avqustun 19-da jurnalistlərə açıqlamasında məsələ ilə bağlı apardıqları tədqiqatın nəticələrini açıqlayıb.

 

“İkili vətəndaşlığı olan vəzifəli şəxslərin kimliyini araşdıran komitə”nin hazırladığı hesabatın parlamentdə dinlənilməsindən sonra jurnalistlərə açıqlama verən deputat Əbülfəzl Turabi, İran prezidenti Həsən Ruhaninin adını çəkməsə də, dolayı yolla onu Böyük Britaniyanın vətəndaşı olmaqda günahlandırıb: “Bizim apardığımız araşdırmaların nəticələri göstərir ki, hazırda çox mühüm və yüksək vəzifədə çalışan rəsmilərdən biri Böyük Britaniya vətəndaşıdır. Bu şəxs, təhsil adı altında Şotlandiyada yaşadığı illərdə Böyük Britaniyanın vətəndaşlığını qəbul edib və bu günə qədər də həmin vətəndaşlığı qoruyub saxlayır. Bu isə təəssüfləndirici haldır.

 

Bundan başqa, aparılan araşdırmaların nəticələri göstərir ki, digər rəsmilər arasında, o cümlədən də nazirlər, onların övladları və ailə üzvləri arasında da ikili vətəndaşlığı olanlar az deyil və biz bunu müəyyənləşdirə bilmişik”.

 

Sözü gedən komitənin sədri, Cavad Kərimi Qoddusi də jurnalistlərə açıqlamasında məsələyə aydınlıq gətirib. Deputat bildirib ki, komitənin araşdırmaları nəticəsində hazırda ölkədə yüksək postlarda çalışan ən azı 300 rəsminin ikili vətəndaşlığa malik olması aşkarlanıb: “İkili vətəndaşlığı olan yüksək rütbəli şəxslərin kimliyini müəyyənləşdirmək çətin işdir. Çünki bu şəxslər İran pasportu ilə Dubaya səfər edir, oradan isə ikinci pasportları ilə vətəndaşlığını qəbul etdikləri ölkələrə səfər edirlər”.

 

Deputat Cavad Kərimi Qoddusi

 

Komitənin parlamentə təqdim etdiyi hesabatda həmçinin bildirilir ki, İranın neft naziri Bijən Zəngənənin, xarici işlər nazir Məhəmmədcavad Zərifin, İran prezidentinin bir sıra müşavir və köməkçilərinin, eləcə də digər rəsmilərin övladları ikili vətəndaşlığı olan şəxslər sırasındadır.

 

 

Qeyd edək ki, İran İslam Respublikasında 40 ilə yaxındır “Amerikaya ölüm” şüarı səsləndirilməsinə və Qərb ölkələrinə qarşı üzdə sərt mövqe sərgilənməsinə baxmayaraq, hakimiyyətdə təmsil olunan ruhanilərin və digər yüksək rütbəli şəxslərin əksəriyyətinin uşaqları uzun illərdən bəri Amerika, Kanada, Böyük Britaniya və digər Avropa ölkələrində yaşayırlar.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar