SON XƏBƏRLƏR

İranlı imam cümələr Aramco-ya hücum haqda. Axund Ələm ül Hüda: “Ölkəmizə hücum olsa İsrail yarım gün ərzində yerlə yeksan ediləcək”

2021.10.20, 07:36
İranlı imam cümələr Aramco-ya hücum haqda. Axund Ələm ül Hüda: “Ölkəmizə hücum olsa İsrail yarım gün ərzində yerlə yeksan ediləcək”

Gunaz.tv

GünazTV: Sentyabrın 20-də İranın Qum və Məşhəd imam cümələri namaz xütbələrindəki çıxışlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco təsisatlarına qarşı həyata keçirilmiş dron hücumlarına münasibət bildiriblər.

 

Qum şəhərinin imam cüməsi axund Haşım Hüseyni Buşehri öz çıxışında deyib ki, Aramco-ya hücumlar regiondakı “müqavimət cəbhəsi” tərəfindən həyata keçirilib: “Vaxtilə bizim məsullar deyəndə ki, əgər bizim neftimiz ixrac olunmasa Fars körfəzindən heç bir ölkənin nefti ixrac olunmayacaq, onlar (səudiyyəlilər və amerikalılar) güman edirdilər ki, biz Hörmüz boğazını bağlayacağıq. Lakin bizim Hörmüz boğazını bağlamağımıza ehtiyac yoxdur. Çünki bu gün müqavimət cəbhəsi elə bir inkişaf mərhələsinə çatıb ki, sizə necə zərbə endirməyi bacarır və bunu da etdilər və siz də bunun  şahidi oldunuz” –deyə Qum imam cüməsi axund Haşım Hüseyni Buşehri bəyan edib.

 

Həmin gün namaz xütbələrində məsələyə toxunan Məşhədin imam cüməsi Əhməd Ələm ül Hüda İsraili təhdid edərək deyib ki, Səudiyyə Ərəbistanının neft təsisatlarına hücumlar Yəmənin “Ənsarullah” qrupu tərəfindən gerçəkləşdirilib: “Bu gün İran müəyyən bir coğrafi sərhəddə və ya çərçivədə qərarlaşan bir ölkə deyil. Əksinə, İran artıq regionda mövcud olan həmin müqavimət cərəyanı və cəbhəsi deməkdir.

 

Daha doğrusu, bu gün Livan “Hizbullah”ı, Yəmən “Ənsarullah”ı, “Həmas” və Fələstindəki İslami Cihad Təşkilatı İran deməkdir. İran artıq bir coğrafi sərhəd sayılmır. Məhz bunları nəzərə alaraq, hesab edirik ki, əgər ölkəmizə hərbi hücum olsa, İsrail yarım gün ərzində yerlə yeksan ediləcək” –deyə Məşhədin imam cüməsi axund Əhməd Ələm ül Hüda əlavə edib.

 

Məşhədin imam cüməsi Əhməd Ələm ül Hüda

 

Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssisəsi olan Abqaiq və Xuraisdə neft təsisatlarında güclü yanğın baş verib. Neft istehsalının həcmi kəskin dərəcədə aşağı düşüb.

 

Rəsmi Ər-Riyad və Vaşinqton hücumların İran ərazisindən həyata keçirildiyini bildirsələr də, rəsmi Tehran bu ittihamı rədd edərək, hücumların Yəməndəki Husilər tərəfindən gerçəkləşdirildiyini iddia edir.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar