SON XƏBƏRLƏR

İraqa gedən iranlı zəvvarların avtobusu qəzaya uğrayıb. 2 sərnişin ölüb, 30-u yaralanıb

2021.10.20, 07:36
İraqa gedən iranlı zəvvarların avtobusu qəzaya uğrayıb. 2 sərnişin ölüb, 30-u yaralanıb

Gunaz.tv

GünazTV: İraqa ziyarətə gedən iranlı zəvvarların avtobusunun qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 30 sərnişin yaralanıb.

 

Hadisə, oktyabrın 4-ü sübh saatlarında İranın Xuzistan əyalətinin Xürrəmşəhr şəhərinin İraqla həmsərhəd olan Şələmçə məntəqəsində baş verib. Zəvvarları Kərbəlaya daşıyan avtobus qarşıdan gələn digər bir avtobusla toqquşub. Qəza nəticəsində ən azı 2 zəvvar yerindəcə həlak olub, 30-u müxtəlif dərəcəli bədən xəsarəti alıb.

 

Yaralılar Xürrəmşəhrin “Vəliyyi-əsr” xəstəxanasına yerləşdirilib. Onlardan bəzilərinin səhhətinin ağır olduğu bildirilir. Hazırda qəzanın səbəbləri araşdırılır.

 

Xatırladaq ki, İranın Xarici İşlər Nazirliyi oktyabrın 3-də bəyanat yayaraq, İmam Hüseynin şəhadətini yad edən Ərbəin mərasiminə qatılmaq üçün Kərbəla şəhərinə getmək istəyən iranlı zəvvarlara xəbərdarlıq edib.

 

Bəyanatda bildirilmişdi ki, İraqda baş verən qarşıdurmalar səngiyənə qədər iranlı zəvvarlar bu ölkəyə səfərdən çəkinməlidirlər: “İraqda yaşanan mövcud gərgin vəziyyəti nəzərə alaraq, İranın Xarici İşlər Nazirliyi iranlı zəvvarlara tövsiyə edir ki, Ərbəin mərasimi ilə bağlı bu ölkəyə səfərlərini təxirə salsınlar və İranın siyasi və təhlükəsizlik rəsmilərinin bu barədəki xəbərdarlıqlarına diqqətlə yanaşsınlar” – deyə, İranın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatında qeyd olunmuşdu.

 

Qeyd edək ki, son günlər Bağdadda və İraqın digər şəhərlərindən şiələrin hökumətə qarşı keçirdiyi kütləvi etirazlarda ən azı 53 nəfər ölüb, onlarla etirazçı həbs edilib. Ölkədə olan korrupsiyaya, yoxsulluğa, qanunsuzluğa və işsizliyə qarşı etiraz edərək İraq hökumətinin istefasını tələb edən şiə etirazçılar, həm də İran rejiminə, o cümlədən də “Sepah”ın “Qüds” briqadasına qarşı şüarlar səsləndirib, rəsmi Tehranın İraqın daxili işlərinə qarışmasına son qoyulmasını tələb ediblər.

 

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar