SON XƏBƏRLƏR

İraqın şiə ruhaniləri pul qarşılığında azyaşlı və gənc qızları siğə edirlər

2021.10.20, 07:36
İraqın şiə ruhaniləri pul qarşılığında azyaşlı və gənc qızları siğə edirlər

Gunaz.tv

GünAz TV: İraqda aparılan son araşdırmalar göstərir ki, bu ölkənin şiə ruhaniləri pul qarşılığında azyaşlı və gənc qızların kişilərlə siğə adlanan müvəqqəti evliliyini təşkil edirlər.

 

Baxmayaraq ki, İraq qanunlarında mütə və ya siğə adlanan müvəqqəti evlilik qadağan edilib, bu adət ölkənin şiə əhalisinin əksəriyyəti arasında geniş yayılıb. Hətta bir çox hallarda ruhanilər kişilərdən pul alaraq, onların azyaşlı və ya gənc qızlarla siğəsini təşkil etmələrini təsdiq edən faktlar var. Araşdırmalar göstərir ki, iraqlı ruhanilər hətta 9 yaşlı qız uşaqlarının da yaşlı kişilərlə siğə bağlamasını təşkil edirlər.

 

“Əyləncə üçün evlilik” adı ilə də məşhur olan siğə qadının pul qarşılığında kişi ilə müəyyən müddətə və ya bir neçə saatlığa cinsi əlaqə qurmasını nəzərdə tutur.

 

Tədqiqat zamanı araşdırmaçılar özlərini siğə bağlamaq istəyən insanlar kimi təqdim etməklə, Kazimiyyun bölgəsinin 10 ruhanisinə zəng vurublar. Ruhanilərdən 8-i onların siğə istəklərini həyata keçirməyə hazır olduğunu deyib.

 

Tədqiqatda iştirak edən iraqlı qadınlardan biri deyib ki, ilk dəfə siğənin müəyyən müddət ərzində keçərli olduğunu, zamanın bitməsindən sonra isə cütlüyün ayrılmağa məcbur olduğunu bilmədən, bir kişi ilə bu formada evlənib. Lakin vaxt bitdikdən sonra kişi onu xəbərdar etmədən, yox olub. Bundan sonra isə bir neçə dəfə ayrı-ayrı şəxslərlə “əyləncə üçün evlilik” adlanan siğə vasitəsilə müvəqqəti formada evlənib.

 

Siğəni məqbul bilənlər deyirlər ki, bu, qadınla kişi arasında qeyri-şəri bərqərar olan cinsi münasibətlərdən yaranan “əxlaqi problemlərə” əngəl olur. Halbuki, siğəni tənqid edənlər müvəqqəti formada evlənməyin cinsi istismara yol açdığı, eləcə də əxlaqsızlıq və insan alverinə rəvac verdiyi qənaətindədirlər. Onların sözlərinə görə, xüsusilə də aztəminatlı və ya ataları məhkum olan bir çox ailələrin azyaşlı və yeniyetmə qızları kasıblıq səbəbindən siğə vasitəsilə kişilərin şəhvətlərinin qurbanına çevrilirlər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar