SON XƏBƏRLƏR

Şirazda bəhai cütlüyün evində yenidən axtarış aparılıb: Onlardan biri ETTELAAT-a çağırılıb

2021.10.20, 07:36
Şirazda bəhai cütlüyün evində yenidən axtarış aparılıb: Onlardan biri ETTELAAT-a çağırılıb

Gunaz.tv

Bu barədə İranda fəaliyyət göstərən hüquq müdafiəçiləri məlumat yayıb.

Məlumata əsasən, ETTELAAT-ın Şirazdakı yerli əməkdaşları oktyabrın 16-sı sübh saat 00:10 radələrində bəhailər Nura Mumtaziyan və yoldaşı Suruş Abadinin yaşadığı mənzildə axtarış aparıblar.


Bildirilir ki, bu, ETTELAAT əməkdaşlarının son iki il ərzində bəhai cütlüyün mənzilində apardığı dördüncü axtarışdır. 


Yayılan məlumatda bildirilir ki, ETTELAAT əməkdaşları axtarış aparmaq üçün bəhai cütlüyün qaldığı mənzildə axtarış apararkən Suruş Abadi evdə olmayıb və onlar Nura Mumtaziyanın mobil telefonunu və rvdəki bir sıra əlyazmaları müsadirə edərək özləri ilə aparıblar.


Qeyd edilir ki, ETTELAAT əməkdaşları evi tərk edərkən Nura Mumtaziyana bir sıra məsələlərlə bağlı ifadə vermək üçün oktyabrın 21-də Şirazın ETTELAAT idarəsinə gəlməyini istəyiblər.


Məlumatda vurğulanır ki, Nura Mumtaziyanın həyat yoldaşı Suruş Abadi bundan əvvəl bəhai dininə mənsub olduğuna görə bir neçə dəfə həbs edilib və mənzildə aparılan əvvəlki axtarışlarda bəhai cütlüyə məxsus bir sıra şəxsi əşyalar və dini kitablar götürülüb.


Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikasının ana yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

Məhz buna görə də, son 43 ildə İranda bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb.

 
İrana hakim radikal ruhanilərin təhriki ilə hakimiyyətə bağlı “Hizbullah”çı dəstələr vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını isə dağıdırlar.

1979-cu ildə İranda islam hakimiyyəti qurulandan bu günə kimi, ölkədə yüzlərlə bəhai edam edilib.

 
A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar