SON XƏBƏRLƏR

Birləşmiş Ərəb Əmirlikləri Tehrandakı səfirini geri qaytardığını elan edib

2022.08.22, 04:20
Birləşmiş Ərəb Əmirlikləri Tehrandakı səfirini geri qaytardığını elan edib

Gunaz.tv

Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi bu ölkənin səfirinin İranın paytaxtı Tehrana qayıtdığını açıqlayıb.

"Əl-Ərəbiyyə" xəbər agentliyinin verdiyi məlumata görə, BƏƏ Xarici İşlər Nazirliyi bazar günü, avqustun 31-də verdiyi açıqlamada, bu ölkənin səfirinin İrana qayıtmasını iki ölkə arasında əlaqələri gücləndirmək məqsədilə və Şeyx Abdullah bin Zayed Əl Nəhyanın iranlı həmkarı Hüseyn Əmir Abdullahyan ilə telefon danışığından sonra baş verdiyini bildirib. 

BƏƏ Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Saif Məhəmməd Al-Zaabi yaxın günlərdə bu ölkənin səfiri kimi Tehrana göndəriləcək.

Bəyanatda əlavə edilib ki, bu hərəkət İran İslam Respublikası Xarici İşlər Nazirliyinin koordinasiyası ilə ölkələr arasında mövcud diplomatik prosedurlara uyğun olaraq həyata keçirilib.

Qeyd edək ki, bundan öncə Küveyt hökumətinin yeni səfiri Bədr Abdulla əl-Manix avqustun 13-də etimadnaməsini İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiana təqdim edib.

Küveytin Xarici İşlər Nazirliyi də əl-Manixin ölkənin Tehrandakı səfirliyinə təyin olunduğunu təsdiqləyib.

2015-ci ildə İranın rəhbəri Seyid Əli Xameneyinin tərəfdarları Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum etdikdən sonra Ər-Riyad Tehranla münasibətləri kəsdi.

Bir il sonra Küveyt və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla körfəzinin başqa ərəb ölkələri Səudiyyə Ərəbistanına həmrəylik əlaməti olaraq Tehrandakı səfirliklərini geri çağırdı.

Körfəz ölkələrinin bölgədə sabitliyi qorumaq üçün diplomatik münasibətləri normallaşdırmağa çalışmalarına baxmayaraq, İran hökuməti bu ölkələri İsraillə münasibətlərini yaxşılaşdırmağa səy göstərdikləri üçün davamlı olaraq təhdid edir.

Buna sonuncu nümənə olaraq, İran İnqilab Keşikçiləri Korpusunun hərbi dəniz qüvvələrinin komandanı Əlirza Təngsirinin avqustun 18-də bölgə ölkələrini təhdid etməsini göstərmək olar.

Təngsiri, İsraili "uşaq öldürən" və "çirkli" dövlət adlandırıb, bu ölkənin İran qonşuluğunda özünə ayaq yeri açmasının acı nəticələrə səbəb olacağı barədə İran rəsmilərinin ənənəvi iddialarını təkrar edib. 

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar