SON XƏBƏRLƏR

“İrna” agentliyi Urmu gölündə suyun səviyyəsi tarazlığının rekord həddə çatması ilə bağlı xəbəri saytdan silib – GÖRÜNTÜ

2021.10.20, 07:36
“İrna” agentliyi Urmu gölündə suyun səviyyəsi tarazlığının rekord həddə çatması ilə bağlı xəbəri saytdan silib – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: İranın dövlət xəbər agentliyi Urmu gölü böhranı ilə bağlı yaydığı yalan xəbəri saytından silib.

 

“İrna” şənbə günü “Urmu gölü rekord vurdu” başlığı ilə yaydığı xəbərdə Urmu Gölünü Canlandırma Mərkəzinin Qərbi Azərbaycan Əyaləti üzrə direktoru Fərhad Sərxoşa istinad edərək “Urmu gölündə suyun səviyyəsi tarazlığı son 5 ildə rekord həddə çatıb” deyə qeyd olunmuşdur.

 

Yayılan məlumat Fərhad Sərxoş tərəfindən təkzib edildikdən sonra, xəbər həmin gün “İrna” agentliyinin saytından silinib.

 

 

Urmu Gölünü Canlandırma Mərkəzinin Qərbi Azərbaycan Əyaləti üzrə direktoru bu barədə “Mehr” xəbər agentliyinə danışıb: “Bu il Urmu gölünə nə su intiqal edilib, nədə ki yetəri qədər yağıntı olub. Ona görə də suyun səviyyəsi tarazlığının rekord həddə çatması mümkün deyil. Təəssüflər olsun ki, göl olduğu kimi böhranlı vəziyyətdədir.”

 

Fərhad Sərxoş ötən günlərdə verdiyi açıqlamanı bir daha təkrar edib. “Bütün cəhdlərə baxmayaraq nəzərdə tutulan layihələrin icrası üçün Urmu Gölünü Canlandırma Mərkəzinə bir rial belə ayrılmayıb. Bölgədə isə hava şəraiti ilə əlaqədar iş fəsli sona çatmaq üzrədir. Büdcə vəsaiti ödənilmədiyindən heç bir layihə icra olunmadı”- deyə o vurğulayıb.

 

Qeyd edək ki, İran rejiminin həyata keçirdiyi yanlış və qərəzli siyasətin nəticəsində artıq Urmu gölünün 95 faizi quruyub. Gölün quruması nəticəsində bölgənin ətraf mühitində baş verən dəyişikliklər 15 milyondan çox insanın həyatını təhdid edir. Bütün bunlara baxmayaraq rejim gölün qurtarılması ilə bağlı hər hansı əməli tədbir həyata keçirməyib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar