İranın İsfahan əyalətinin Neft Emalı Şirkətinin avtobusunun qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 17 nəfər xəsarət alıb.
Gunaz.tv
Hadisə, noyabrın 22-si yerli vaxtla səhər saat 06:30 radələrində baş verib. Şirkətin işçilərini Yəzdanşəhrdən iş yerinə aparan avtobus Nəcəfabadın Xomeynişəhr məntəqəsində naməlum səbəbə görə yoldan çıxaraq aşıb.
Qəza nəticəsində 4 nəfər yerindəcə keçinib, 17 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralılar Şahinşəhrin Goldis xəstəxanasına yerləşdirilib. Onlardan bəzilərinin səhhətinin ağır olduğu bildirilir.
İsfahan Neft Emalı Şirkətinin ictimai əlaqələr bölməsinin rəhbəri Məhəmməd Sadıq Haciyan mediaya açıqlamasında deyib ki, kəskin hava şəraitini nəzərə alaraq, yolun sürüşkənliyinə görə qəzanın baş verdiyi təxmin edilir.
Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında ən azı 28 min nəfər həyatını itirir, minlərlə insan isə müxtəlif dərəcəli bədən xəsarəti alır.
A.M