“İran İslam İnqilab Keşikçiləri Korpusu”nun nəzarətində olan “Fars Xəbər Agentliyi”, ölkənin bir neçə əyalətində bir neçə xristian vətəndaşın "İsrailin təhlükəsizlik xidməti" ilə əlaqəli olduqlarına görə həbs olunduğunu bildirib.
Gunaz.tv
Yanvarın 23-də baş tutan həbs əməliyyatlarının hansı əyalətlərdə həyata keçirildiyini və həbs olunanların kimliyi barədə heç bir bilgi verməyən agentlik yazıb: “Ölkənin bir neçə əyalətində eyni vaxtda keçirilən kəşfiyyat, axtarış və tutuqlama əməliyyatları nəticəsində sionist şəbəkəsinə üzv olan çox sayda insan saxlanıldı”.
Agentliyin iddiasına görə, saxlanılanlar “sionizm xüsusi xidmət orqanlarına casusluq”, “əxlaqsızlığın təbliği” və “din dəyişməyə təşviq”də günahlandırılırlar.
“İran İslam İnqilab Keşikçiləri Korpusu”nun agentliyi heç bir sənəd və fakt təqdim etmədən tutuqlananların “iki ildir ölkənin təhlükəsizliyinə qarşı ciddi fəaliyyət” göstərdiklərini yazıb.
Son illərdə “İslam Respublikası”nın dövlət məmurları dəfələrlə İran gənclərinin xristianlığa keçməsindən narahatlıqlarını ifadə etdilər.
Xristian İranlıların tutulması bir halda baş verir ki, beynəlxalq səviyyədə qəbul edilmiş qanunlara görə hər bir insanın din azadlığı, din və ya inancını dəyişdirməsi onun şəxsi seçimi sayılır. Beynəlxalq qanunlara əsasən hər bir fərd şəxsi və ya ictimai yerlərdə, açıq və ya gizli şəkildə özünü ifadə etmək azadlığına malikdır.
Xatırladaq ki, “Fars Xəbər Agentliyi” “İran İslam İnqilab Keşikçiləri Korpusu” və “ETTELAAT”a yaxınlığı, iki qurumun təbliqat orqanı olmaqla tanınır.
Kəşfiyyat və təxribat xarakterli məlumatlar, təhlükəsizlik orqanlarının məqsədlərinə xidmət edən təxribat və şayiə xarakterli xəbərlər bu agentlik vasitəsi ilə tirajlanır.
C.E