SON XƏBƏRLƏR

İsrail qırıcıları Suriyada İranın hərbi bazalarını bombardman edib

2021.10.20, 07:36
İsrail qırıcıları Suriyada İranın hərbi bazalarını bombardman edib

Gunaz.tv

GünAzTV: İsrail qırıcıları sentyabrın 4-də Suriyanın Tərtus və Hemah əyalətlərində İranın hərbi bazalarını bombardman edib. Bu barədə, Suriya insan hüquqları təşkilatları məlumat yayıb.

 

Bildirilir ki, İsrail qırıcıları Hemah şəhərinin yaxınlığında yerləşən “Məsiyaf” və “Vadi əl-Əyun” məntəqələrində “Sepah”ın bir neçə hərbi bazasını bombalayaraq onlara çoxlu sayda raket zərbələri endirib. Suriya dövlət agentliyinin (Sana) verdiyi məlumata əsasən İsrail qırıcılarının atdığı raketlərdən 5-i səmada məhv edilib. Hücumda ölən və ya bədən xəsarəti alan “Sepah”çıların sayı barədə hər hansı bir məlumat yayılmayıb.

 

Həmin gün, adının hallandırılmasını istəməyən İsrail ordusunun yüksək rütbəli bir rəsmisi jurnalistlərə açıqlamasında İsrail qırıcılarının son il yarımda Suriyada “Sepah” bazalarına həyata keçirdiyi hücumlardan danışıb. O bildirib ki, İsrail qırıcıları son 18 ayda, Suriyada 202 dəfə “Sepah”ın hərbi bazalarına hücum edib. Onun bildirdiyinə görə, həmin hücumlarda endirilən hava zərbələri nəticəsində “Sepah”ın hərbi mövqeləri tamamilə məhv edilib.

 

 

Xatırladaq ki, İsrailin müdafiə naziri Aviqdor Liberman sentyabrın 3-də ölkəsinin bir sıra yüksək rütbəli rəsmiləri qarşısında çıxış edərək, İranın Suriya və İraqdakı hərbi varlığından və onların İsrailə qarşı təhdidindən danışmışdı.

 

 

O bildirmişdi ki, İsrail İranın Tel-Əvivə qarşı hər hansı bir təhdidinə qarşı lazımlı cavabı verəcək: “Biz, hazırda Suriyada baş verənləri yaxından diqqət mərkəzində saxlayırıq. Lakin İranın ölkəmizə qarşı təhdidlərinə gəlincə, açıq şəkildə bildirirəm ki, bizim hərbi hücumlarımız təkcə Suriya ərazisi ilə kifayətlənməyəcək. Biz, lazım görüldüyü təqdirdə istənilən yerdə, o cümlədən də İraqda İranın hərbi baza və təsisatlarını hədəfə alacaq, ona dağıdıcı zərbələr endirəcəyik. Bu işdə bizim əlimiz açıqdır və istənilən yerdə İranın İsrailə qarşı hər hansı bir təhdid və addımına kəskin cavab verəcəyik. Bunu isə özümüzü qorumaq üçün edəcəyik”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar