Bu gün səhər saatlarında İsrail qırıcılarının Suriyada gerçəkləşdirdiyi çoxsaylı hava hücumunda 11-i “Sepah”çı olmaqla ən azı 16 terrorçu məhv edilib.
Gunaz.tv
Suriyanın “Sana” agentliyinin yaydığı xəbərə əsasən, İsrail qırıcıları bu ölkənin İraq sərhəddinə yaxın Derəzzur və Əlbu-Kamal məntəqələrində yerləşən “Sepah” və “Hizbullah” terror təşkilatlarının iki hərbi bazasını hədəfə alıb.
Mərkəzi qərargahı Londonda olan Suriya İnsan Haqları Monitorinq Qrupunun bununla bağlı yaydığı məlumatında isə bildirilir ki, İsrail qırıcılarının endirdiyi hava zərbələri nəticəsində “Sepah” terror təşkilatının ən azı 11 üzvü, İraq “Hizbullah”ının isə 5 muzdlusu məhv edilib, onlarla nəfər yaralanıb.
Hava hücumda ölənlər arasında “Sepah”ın “Qüds” qüvvələrinin nəzdində fəaliyyət göstərən, Əfqanıstanın şiə vətəndaşlarından inarət “Fatimiyyun” briqadasının muzdlu yaraqlılarının da olduğu deyilir.
Yayılan bəzi məlumatlarda isə hava zərbələri nəticəsində ölənlərin sayının 23 nəfər, yaralananların sayının isə 28 nəfərdən çox olduğu vurğulanır.
Bildirilir ki, İsrail qırıcılarının həyata keçirdiyi hücumlarda hər iki hərbi bazaya qarşı 18 dəfə hava zərbələri endirilib.
Qeyd edək ki, İsrail ordusunun hava qüvvələri 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başladığı vaxtdan indiyədək, bu ölkədə fəaliyyət göstərən “Sepah”ın və “Hizbullah” qruplaşmasının hərbi baza və silah anbarlarıı yüzlərlə dəfə bombardman edib. Bununla da həmin qruplaşmaların İsrail sərhədlərinə yaxınlaşmasının və onların təxribat xarakterli fəaliyyətinin qarşısı alınıb.

A.M