SON XƏBƏRLƏR

Siyasi məhbus Tohid Əmir Əmini zindanda basqılarla üzləşib

2022.03.20, 03:30
Siyasi məhbus Tohid Əmir Əmini zindanda basqılarla üzləşib

Gunaz.tv

Güney Azərbaycanın Ərdəbil şəhərindən olan və Tehranın Evin zindanında saxlanılan milli-mədəni fəal, siyasi məhbus Tohid Əmir Əmini yaxınları ilə telefon danışığı zamanı təhlükəsizlik məmurlarının təhdidləri ilə üzləşdiyini deyib.

O, martın 19-da ailəsi ilə qısa telefon danışığı zamanı saxlanıldığı 4-cü bölmədən təhlükəsizlik idarəsinin təcridxanası sayılan 209-cu bölməyə köçürüldüyünü, məmurların onu bir neçə saatlığa dindirdiyini, pisixi və mənəvi basqılara, hədə-qorxulara məruz qaldığını bildirib.

Əmir Əmininin sözlərinə görə, təhlükəsizlik məmurları ona əməkdaşlıq təklif edib və istəklərindən keçəcəyi təqdirdə onun buraxılmasına, maddi dəstək veriləcəyinə, işlə təmin olunmasına yardım edəcəkləri barədə vədlər verdiklərini söyləyib.

“Ərdəbildən göndərilən məmurlar bir neçə saatlıq dindirmədən sonra susmayacağım və fəaliyyətimə davam edəcəyim halda həbs müddətimi uzadacaqları ilə hədələdilər”-deyə, milli fəal qeyd edib.

O, təhlükəsizlik məmurlarının bütün təkliflərini rədd etdiyini, fəaliyyətinə davam edəcəyini və məmurlara basqıların Azərbaycan xalqının iradəsini qıra bilməyəcəyini söylədiyini deyib.

Tohid Əmir Əmini 21 fevral 2019-cu ildə Kiyanuş Aslani ilə birlikdə Tehranın “İnqilab” meydanında “Beynəlxalq Ana Dili Günü” münasibətilə afişalar yaydığı üçün həbs olunub.

Əmir Əmini İnqilab Məhkəməsinin 26 saylı şöbəsində “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq və əlbir olmaq”, “rejimə qarşı təbliğat aparmaq” ittihamları ilə mühakimə olunub.
Birinci ittihama görə Əmir Əmini 7il yarım, ikinci ittihama görə isə 18 ay həbs cəzasına məhkum edilib.

Hakim Əhməd Zərgərin başçılığı ilə Apelliyasiya Məhkəməsinin 36-cı şöbəsində keçirilən iclasda T.Əmir Əmini “rejimə qarşı təbliğat” ittihamından bəraət alıb.

2021-ci ilin aprel ayında 20/04/2020-ci il tarixində təsdiqlənmiş “cəzanın azaldılması qanunu”na əsasən, 7 il 6 ay həbs cəzasının 2 il 6 ayı ləğv edildiyi üçün Əmir Əmininin həbs cəzası 5 ilə endirilib. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar