SON XƏBƏRLƏR

Jalə Təbrizli: Güney Azərbaycanda qadınlara qarşı basqılar artıb – Müsahibə

2021.10.20, 07:36
Jalə Təbrizli: Güney Azərbaycanda qadınlara qarşı basqılar artıb – Müsahibə

Gunaz.tv

GünAz TV: Jalə Təbrizli deyir ki, keçmiş illərdə İranda bərabər hüquqlar uğrunda mücadilə edən qadınlar adətən ziyalı və ali təhsil alanlardan ibarət idi, amma bu gün işçi qadınlar və ev xanımlarını da mübarizənin ön sıralarında görürük.


Fransada yaşayan hüquq müdafiəçisi “Amerikanın Səsi” ilə söhbətdə Güney Azərbaycanda insan haqları pozuntuları, o cümlədən qadın fəallara qarşı çıxarılan ağır hökmlər haqqında danışıb.


Güney Azərbaycanda türk dil haqları müdafiəçiləri və digər mədəni fəallara qarşı tətbiq olan basqılara diqqət çəkən Təbrizlinin sözlərinə görə, “basqılar nə azalır nə də çoxalır. Sadəcə, şəraitə görə hakimiyyətin bizimlə rəftarı dəyişir.”


Son vaxtlar İranın bir çox bölgəsində qadın fəallara qarşı basqıların çoxalması hüquq müdafiəçilərinin gündəmindədir.

Güney Azərbaycanın müxtəlif bölgələrində də qadınlara qarşı basqıların artdığı görünməkdədir.

 

Məryəm Şəriətmədari məcburi hicaba etiraz edir.


Təbrizdə tələbə fəal Röya Səğirinin Təbriz zindanına göndərilməsi, Zəncanda tələbə fəal Pərisa Rəfiiyə qarşı çıxarılan 7 il həbs və 74 şallaq cəzası, Urmiyədə isə türk dil haqları müdafiəçisi Ulduz Qasıminin həbsi bu basqılardan bir neçə nümunədir.


Jalə Təbrizli İslam İnqilabından sonra hakimiyyətə qarşı ilk etiraz aksiyalarının qadınlar tərəfindən həyata keçirildiyinə diqqət çəkir və hakimiyyətin xüsusilə qadınların mücadiləsindən qorxduğunu vurğulayır:
“Bir zamanlar İran toplumunda intellektual və ziyalı qadınlar mücadilə edirdilər. Misal üçün vəkillər. Amma bu gün şərait elə olub ki, işçi qadınlar və ev xanımları da bu mücadilədə rol alırlar. Etiraz aksiyalarında görürük ki, bunlar birinci sıralarda durublar.”


Hüquq müdafiəçisi əlavə edir, “Azərbaycanda türk qadınlar neçə sahədə mübarizə aparırlar. Həm qadınlara qarşı geriçi qanunlarla mücadilə edirlər həm də türk qadını kimi türk kimliyi üçün mübarizə aparırlar. Əlavə olaraq toplumda güclü ənənələrlə də mücadilə etməlidirlər. O, ənənələr ki, onların irəliləməsinə mane olur.”


Qaynaq:
https://www.amerikaninsesi.org/a/jal%C9%99-t%C9%99brizli-i%CC%87randa-art%C4%B1q-i%C5%9F%C3%A7i-qad%C4%B1nlar-v%C9%99-ev-xan%C4%B1mlar%C4%B1-da-meydanda/4561435.html



N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar