Amerikanın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft avqustun 11-də “Fox News” telekanalına açıqlamasında BMT-nin İrana qarşı qoyduğu silah embarqosunun müddətinin uzadılmasının vacibliyindən danışıb.
Gunaz.tv
İran rejimini dünyada terroru dəstəkləyən 1-nömrəli dövlət adlandıran xanım Kraft deyib ki, BMT-nin İrana silah satışına qoyduğu qadağanın aradan qaldırılması dünyada və regionda sülh və sabitliyin pozulmasına gətirib çıxaracaq: “Hesab edirəm ki, ən düzgün seçim, İrana qarşı qoyulan silah embarqosunun müddətinin uzadılmasıdır. Bizim bu qadağanın müddətini uzadaraq, dünyada sülh və sabitliyi qorumaqdan başqa seçimimiz yoxdur.
Təsəvvür edin ki, İrana silah-sursat satışına qarşı qəbul edilən embarqonun müddəti uzadılmadan oktyanrın 19-u gəlib çatıb və inlə Rusiya artıq İrana silah sata biləcəklər. Belə olduqda, İran əldə etdiyi inkişaf etmiş öldürücü silahları dünyada, o cümlədən də Orta Şərq regionunda İsrail, Suriya, Yəmən, İraq, Liviya və Livan əleyhinə fəaliyyət aparan öz terrorçu təşkilatlarına göndərəcək.
Amerika Birləşmiş Ştatları hesab edir ki, bizim aydın və şəffaf bir seçimimiz var. Ya dünyada terrorizmə dəstək verən dövləti seçməliyik, ya da dünyada sülh və təhlükəsizliyin yanında olmalıyıq.
Biz açıq şəkildə bildirmişik ki, Amerika Birləşmiş Ştatları İran rejiminə qarşı tətbiq edilən embarqonun müddətinin uzadılmasından əmin olmaq üçün özünün bütün imkanlafrından faydalanacaq.
İran rejimi dünyada terrorizmin ən böyük himayədarıdır. İran rejimi Yəməndə husiləri gücləndirməklə, eləcə də Suriyada Bəşər Əsəd rejimini dəstəkləməklə, Venesuella rejiminə yardım etməklə, İraqda isə yarı-hərbi şiə qruplaşmalarını pul və silah-sursatla təmin etməklə terrorizmi yayır. Bu isə yolverilməzdir və qarşısı alınmalıdır” –deyə, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft “Fox News” telekanalına açıqlamasında bəyan edib.
Qeyd edək ki, BMT-nin İrana qarşı silah embarqosunun vaxtı bu il, oktyabrın 19-da sona çatır.
A.M