SON XƏBƏRLƏR

Kərrubi: “Siyasi xadimlər və söz sahibi olan qrupların son faciələr qarşısında səssiz dayanmalarından heyrətə gəlmişəm”

2021.10.20, 07:36
Kərrubi: “Siyasi xadimlər və söz sahibi olan qrupların son faciələr qarşısında səssiz dayanmalarından heyrətə gəlmişəm”

Gunaz.tv

GünAz TV: Hazırda ev dustaqlığı yaşayan, 2009-cu ildə keçirilmiş prezident seçkilərinin saxtalaşdırılmasına qarşı keçirilmiş xalq nümayişlərinin rəhbərlərindən olan Mehdi Kərrubi İranda benzinin bahalaşmasına qarşı baş tutan etirazlara münasibət bildirib.

 

O, yazdığı açıq məktubda dövlətin xalqla təhdid dili ilə danışmasını və izahedilməz zorakılıqlarla müşahidə edilən repressiya maşınını işə salmasını kəskin tənqid edərək, rejimin 2009-cu, eləcə də 2017-ci ilin sonu 2018-ci ilin əvvəllərində keçirilmiş etirazlarda olduğu kimi, bu dəfə də öz xalqına divan tutduğunu qeyd edib.

 

10 ildir ev dustaqlığına məhkum edilmiş siyasətçi “Sepah” terror təşkilatının Komandanı Hüseyn Salaminin etirazları “İrana qarşı dünya müharibəsi adlandırması”nı, eləcə də digər “Sepah” rəsmisinin rejimin qadınlı-kişili öz millətini qətlə yetirərək etirazları yatırmasını “geniş miqyaslı dünya müharibəsində qələbə” kimi təqdir etməsini əbləh fikirlər adlandırıb. O, eyni zamanda müxtəlif siyasi xadimlər və söz sahibi olan qrupların rejimin xalqına qarşı divan tutması qarşısında səssiz qalmasından təəccübdə olduğunu qeyd edib.

 

Kərrubi həmçinin xalqa atəş açanların, eləcə də dövlət və şəxsi əmlakları kimlərin yandırdığını müəyyən etmək və onları cəzalandırmaq üçün müstəqil təhqiqat komitəsinin yaradılmasının zəruri olduğunu bildirib.

 

Kərrubinin sözlərinə görə, rejim Amerika sanksiyalarınını bəhanə etməklə, ölkəni istədiyi formada idarə etməyə başlayıb, bunun isə nəticəsi dövlətin bütün qurumlarında rüşvətxorluq və ayrı-seçkiliyin daha da şiddətlənməsi, qanunverici orqanların öz səlahiyyətlərini itirməsidir.

 

“Etirazların kökündə dayanan səbəbi ölkəni bürüyən korrupsiya, təhqir, ayrı-seçkilik və qeyri-bərabərlikdə axtarmaq lazımdır, okeanın o tayında deyil (Amerika-red.)”, - deyə siyasətçi əlavə edib.

 

Xatırladaq ki, İran rejiminin məsulları xalq etirazlarının başlamasına görə Pəhləvi ailəsini, “Xalq Mücahidləri Təşkilatını”, Amerika Birləşmiş Ştatlarını, İsraili, İngiltərəni və Səudiyyə Ərəbistanını günahlandırır.

 

Kərrubi sonda dövləti zərərçəkənlərdən üzr istəməyə və onlara təzminat ödəməyə, eləcə də xalqın konstitusion hüququ olan etiraza hörmətlə yanaşmağa çağırıb.

 

“Xalqın sizin batini mahiyyətinizin nə olduğu günü anlamasından sonra baş verəcək partlayışdan qorxun. Yenidən xalqın ayağa qalxacağı gündən qorxun”, - deyə Mehdi Kərrubi rəsmilərə xitabən fikrini tamamlayıb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar