SON XƏBƏRLƏR

koronavirusa Güney Azərbaycanda daha 26 nəfərin canını aldı

2021.10.20, 07:36
koronavirusa Güney Azərbaycanda daha 26 nəfərin canını aldı

Gunaz.tv

GünAz TV: İran rəsmilərinin açıqlamaları Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxanların sayının 1930 nəfərə çatdığını göstərir.

 

GünAZ TV İran rəsmilərinin açıqlamalarına əsasən xəbər verir ki, infeksiyadan ölənlərin sayı Güney Azərbaycanda artıq 170 nəfərə çatıb. Bu isə, son 24 saat ərzində Güney Azərbaycanın müxtəlif əyalətlərində daha 26 nəfərin koronavirus infeksiyasının qurbanı olduğunu göstərir.

 

Keçən gün ərzində Güney Azərbaycanda 207 yeni yoluxma halı qeydə alınıb.

 

Qeyd edək ki, qeyri-rəsmi mənbələr İranda, o cümlədən Güney Azərbaycan əyalətlərində koronavirusa yoluxan və bu xəstəlikdən ölənlərin sayının rəsmi statistikadan qat-qat artıq olduğunu bildirir.

 

Təbriz Tibb Universitetinin rəisi Məhəmməd Hüseyn Somi Şərqi Azərbaycan əyalətində koronavirusa yoluxanların sayının 571 nəfərə çatdığını deyib.

 

Onun sözlərinə görə, Şərqi Azərbaycanda son 24 saat ərzində daha 84 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

 

Somi keçən gün daha 10 nəfərin koronavirus infeksiyasından öldüyünü və beləliklə əyalətdə qurbanların sayının 49 nəfərə çatdığını bildirib.

 

Onun sözlərinə görə, hazırda Təbriz şəhərində 220 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib, bunlardan 90 nəfəri xəstəxanalarda müalicə alır. Somi həmçinin ən yüksək yoluxma hallarının Qaraməlik və Maralan məhəllələrində qeydə alındığını bildirib.

 

Rəsmi əlavə edib ki, “Marağa şəhərində 250 nəfər koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib, onların 57-sində yoluxma halı təsdiqlənib.”

 

Tibb universitetinin rəisi daha öncə bildirmişdi ki, xəstəliyin hazırkı yayılma sürəti ilə aprel ayının ilk günlərindən etibarən Şərqi Azərbaycan əhalisinin doqquz faizi (300,000 nəfər) koronavirusa yoluxmuş olacaq. 

 

 

Somi, həmçinin koronavirus infeksiyasının geniş yayılmasına nəzarət etməyin mümkün olmayacağı,  müraciət edənlərin sayının əyalətin səhiyyə sisteminin potensialından qat-qat artıq ola biləcəyi haqda ciddi xəbərdarlıq etmişdi.

 

Güney Azərbaycanın digər bölgələrində də koronavirusa yoluxma hallarının sürətlə artdığı müşahidə olunur.

 

Qərbi Azərbaycanın Tibb Universitetinin rəisi, Cavad Ağazadənin dediyinə əsasən əyalətdə 300 nəfərdə infeksiya aşkarlanıb, onlardan 17 nəfəri canını itirib.

 

Beləliklə Qərbi Azərbaycanda keçən 24 saat ərzində 42 yeni yoluxma halı qeydə alınıb, həmin gün daha üç nəfər infeksiyadan ölüb.

 

Bu bir haldadır ki, əyalətin valisi Məhəmməd Mehdi Şəhriyarı mart 13 tarixində koronavirus epidemiyasının Qərbi Azərbaycanda kontrolda olduğunu iddia etmişdi.

 

Şəhriyari həmin məsələni əsas gətirərək Azərbaycanda tibbi imkanların azlığına baxmayaraq böyük həcmdə tibbi vəsaitin Şimali Xorasan, Mazandaran, İsfahan və Kürdistan əyalətlərinə göndərdiyini açıqlamışdı. Xatırladaq ki, Şəhriyarı əslən Şimalı Xorasan Əyalətinin Bocnurd şəhərindəndir. Bu kürd dilli vali xüsusi siyasi məqsədlər üçün Tehran rejimi tərəfindən Qərbi Azərbaycana vali təyin edilib.

 

 

Ərdəbil əyalətində də hazırda 305 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır. Ərdəbil Tibb Universitetinin müavini, Məhəmməd Rza Rizayinin dediyinə görə, bunlardan 203 nəfərinin koronavirusa yoluxduğu təsdiqlənib. Əyalətdə xəstəlikdən ölənlərin sayı isə 24 nəfərə çatıb.

 

Rəsmi həmçinin son günlərdə Ərdəbil Əyalətində 230 nəfərin spirtdən zəhərləndiyini, 19 nəfərin isə həyatını itirdiyini açıqlayıb. Məlumata görə, zəhərlənənlər koronavirusa yoluxmamaq məqsədi ilə spirt içib.

 

Zəncan Tibb Universitetinin rəis müavini Hüseyin Əmmarlu əyalətdə  infeksiyaya tutulanların sayının artıq 241 nəfərə çatdığını bildirib. O, infeksiyadan ölənlərin sayının isə 16 nəfər olduğunu deyib.

 

Qəzvin əyalətində də hələlik 473 nəfərin koronavirusa yoluxduğu, 53 nəfərin həyatını itirdiyi açıqlanıb.

 

Bu rəqəm Həmədanda 142 nəfərdir ki, onlardan 11 nəfərinin dünyasını dəyişdiyi təsdiqlənib.

 

 

İranda koronavirusa yoluxma faktı ilk dəfə Qum şəhərində qeydə alınıb. Rejim şəhəri karantinə almadığı üçün artıq virus təxminən bütün ölkəni, o cümlədən Güney Azərbaycan əyalətlərini bürüyüb. 

 

Ü.F 

 

 

 

 

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar