SON XƏBƏRLƏR

Təbrizdə havanın çirkliliyi ciddi narahatlıq yaradıb: Cümə imamından təlaşlı açıqlama

2021.11.19, 14:41
Təbrizdə havanın çirkliliyi ciddi narahatlıq yaradıb: Cümə imamından təlaşlı açıqlama

Gunaz.tv

“Təbrizdə hava çirkliliyi yüksək böhran həddinə çatıb. Təbrizin parlamentdəki nümayəndələri nazirlər və məsullardan buna görə cavab istəsinlər”-deyə, Ali Haşim Energetika və Neft nazirliklərinə xəbərdarlıq edib.

O, Təbrizdə havanın çirklənməsini istilik elektrik stansiyasında qanunsuz olaraq mazutdan istifadə ilə əlaqələndirib.

Bildirib ki, bu barədə Ətraf Mühitin Mühafizəsi İdarəsinin hesabatları narahatlıq doğurur.

“Necə olur ki, İsfahan, Tehran və Kərəcdə buna icazə verilmir, ancaq Təbrizdə belə bir qanunsuzluğa göz yumulur”-deyən cümə imamı bunun sual doğurduğunu söyləyib.

Qeyd edək ki, noyabrın 17-də Şərqi Azərbaycan Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin başçısı Davud Qasımzadə Təbrizdə havanın çirklənmə dərəcəsinin yüksək olduğunu bildirib.

O, bu durumun həssas yaş qrupları üçün təhlükəli olduğunu deyib.

“Hazırda Təbrizdə havanın çirkliliyi 149 olaraq həssas yaş qrupları üçün təhlükəlidir. Bu 151-ə yüksəldiyi halda bütün yaş qrupları üçün təhlükə doğuracaq”-deyə, Qasımzadə bildirib.

O, havanın çirklənməsinə əsas səbəb kimi nəqliyyat vasitələrini, zavodları və Təbrizin istilik elektriki stansiyasında mazutdan istifadəni göstərib.

Hesablamalara görə, havanın çirklənmə göstəricisi 0-dan 50-yə qədər təmiz hava, 50-dən 100-ə qədər sağlam hava, 100-dən 150-yə qədər qeyri-sağlam və həssas yaş qrupları üçün təhlükəli hava, 150-dən 200-ə qədər isə bütün yaş qruplar üçün qeyri-sağlam hava, 200-dən çox göstərici isə kritik hava çirkliliyi vəziyyətini göstərir.

C.E


 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar