SON XƏBƏRLƏR

Əli Xameneyi kiberməkana qarşı sərt tədbirlər görməyə çağırıb

2022.06.29, 05:57
Əli Xameneyi kiberməkana qarşı sərt tədbirlər görməyə çağırıb

Gunaz.tv

"Arada bir kiberməkanda bir şayiə yayıb və xalqı narahat edirlər. Bu, vətəndaşların psixoloji təhlükəsizliyini pozur. Məhkəmə sistemi bunun qarşısını almaq üçün daha sərt tədbirlər görməlidir. Dünənə kimi bu işi qəzetlər görürdülər. İndi isə buna kiber məkan da qoşulub"-deyə, Xameneyi bildirib.

O, kiberməkana nəzarətin yetərincə olmamasına görə məhkəmə sistemini tənqid edib və bununla bağlı daha sərt və yeni qanunların təcili hazırlanmasını tələb edib.

Xameneyinin çıxışı internetə nəzarətlə bağlı qanun layihəsinin parlamentin açıq müzakirəsinə çıxarılması üçün işlər aparıldığı bir vaxtda təsadüf edir.

Kiberməkana nəzarətlə bağlı qanun layihəsinin hazırlanması Əli Xameneyinin bundan öncə məsələ ilə bağlı sərt xəbərdarlıqlarından sonra, internet və sosial mediaya nəzarəti gücləndirmək məqsədilə hazırlanıb.

Bir sıra bəndlərinin hətta bəzi rəsmi qurumlar tərəfindən də tənqid edilən layihə son aylar insan haqları təşkilatlarının sərt reaksiyası ilə  üzləşib.

Bu təşkilatlar dəfələrlə bu layihənin təsdiqindən narahatlıqlarını  ifadə edərək bildiriblər ki, əgər bu layihə təsdiqlənərsə, İranda insanların bir sıra fundamental hüquqları, o cümlədən söz azadlığı və şəxsi toxunulmazlıq hüququ pozulacaq.

Şərqi Azərbaycan əyalətinin Ocan (Bostanabad) şəhərindən İran parlamentində təmsil olunan Əlirza Nuri Qızılca İranda hökumətin bir müddətdir irəli sürdüyü "sosial şəbəkə istifadəçilərinin hüquqlarının müdafiəsi qanunu"nun qəbulu ilə ölkədə "Whatsapp" və "İnstagram" bloklana biləcəyini deyib.

Onun sözlərinə görə, keçən həftə İranın Ali Kiberməkan Şurasının qanun layihəsi ilə bağlı qəbul etdiyi qərardan da şikayət etmək imkanı yoxdur. 

Nuri əlavə edib ki, əvvəllər Ali Kiberməkan Şurasının iclasları, rəyləri və səsverməsinin şəffaf keçirilməsini parlamentə təklif etsə də, buna müsbət cavab verməyiblər.

"Sözügedən qanunun qəbulu ilə bağlı müzakirələr elə bir mövqedədir ki, nəticənin necə olacağı bizim üçün qaranlıq və naməlumdur. Çünki proses toxunulmaz və sorğulanmaz xarakter alıb. Amma inanırıq ki, bunu xalqa etməzlər", - deyə deputat fikrini tamamlayıb. 

Qeyd edək ki, fevralın 22-də İran parlamenti ölkədə internetin maksimum məhdudlaşdırılmasını, ona nəzarəti nəzərdə tutulan qanun layihəsini qəbul edib.

İran parlamentinin “Kiberməkanda İstifadəçilərin Hüquqlarının Müdafiəsi” adı altında fəaliyyət göstərən  Müştərək Komissiyası ölkədə internetin maksimum məhdudlaşdırılması və hərbçilərin internetə nəzarətinin artırılması üçün təklif edilən qanun layihəsini komissiya üzvlərinin 18 lehinə, 1 əleyhinə səsi ilə qəbul edib.

Xatırladaq ki, Əli Xameneyi də daxil olmaqla İranın bir çox yüksək vəzifəli şəxslərinin "tvitter"-də bir neçə hesabı var və bəzi İran rəsmiləri tvitterdə əhəmiyyətli dərəcədə aktivlik nümayiş etdirirlər.

Ümumdünya Mətbuat Azadlığı Günündə Sərhədsiz Reportyorlar Təşkilatı dünyada media azadlığının reytinqini açıqladığı hesabatda İranın dünyanın 180 ölkəsi arasında 178-ci yerdə olduğunu bildirib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar