SON XƏBƏRLƏR

Əli Əsədov Gürcüstanla iclasda Zəngəzur dəhlizindən danışdı

2021.10.20, 07:36
Əli Əsədov Gürcüstanla iclasda Zəngəzur dəhlizindən danışdı

Gunaz.tv

Bu fikirləri Baş nazir Əli Əsədov Azərbaycan Respublikası və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında çıxışı zamanı deyib.
 
Əli Əsədov qeyd edib ki, müxtəlif formatlarda təmaslar, şübhəsiz ki, ölkələrimizin ikitərəfli münasibətlərinə müsbət təsir göstərir və, eyni zamanda, əməkdaşlığımızın inkişafına əhəmiyyətli töhfə verir:
 
“Məlum olduğu kimi, gələn il Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyik. Bu illər ərzində əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək keyfiyyətcə yeni mərhələyə çatıb.
 
Ölkələrimizi çoxəsrlik dostluq, əməkdaşlıq və qarşılıqlı anlaşma telləri bağlayır. Azərbaycan Gürcüstanla bir çox sahələrdə uğurla inkişaf edən münasibətlərinə böyük əhəmiyyət verir.
 
Ölkələrimiz arasında fəal siyasi dialoq mövcuddur. Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlar çərçivəsində hər zaman bir-birini dəstəkləyib. Biz çətin zamanlarda hər zaman bir-birimizin yanında olmuşuq”.
 
Baş nazir deyib ki, Azərbaycan və Gürcüstan bütün məsələlərdə, xüsusən də ərazi bütövlüyü məsələsində bir-birini dəstəkləyir.
 
“Hökumət xətti ilə aktiv işlər aparılır, nazirliklər və idarələrarası qarşılıqlı fəaliyyətin səviyyəsi kifayət qədər yüksəkdir. Bununla belə ticari-iqtisadi və investisiya sahələrində əməkdaşlığımızın potensialının tam şəkildə həyata keçirilməsi üçün zəruri olan addımları müzakirə etməliyik.
 
Eyni zamanda, digər sahələrdə əməkdaşlığımızın daha da inkişafı üçün yaxşı imkanlar mövcuddur - rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə və digər sahələrdə”-deyə, Əli Əsədov bildirib. 
 
Əli əsədov deyib ki, Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası bütün region ölkələri üçün faydalıdır.
 
“Yeni nəqliyyat-kommunikasiya infrastrukturunun yaradılması yük daşımalarının artmasına xidmət edəcək və regional miqyasda iqtisadi cəhətdən əhəmiyyətli fayda verəcəkdir. Mən konkret olaraq Zəngəzur dəhlizini nəzərdə tuturam.
 
Mədəni və humanitar sahə Azərbaycan-Gürcüstan əməkdaşlığının əsas istiqamətlərindən biri olaraq qalır. Azərbaycan Gürcüstanla mədəniyyət sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir.
 
Məlum olduğu kimi, Azərbaycanın mədəniyyət naziri bu yaxınlarda Gürcüstanda səfərdə olmuşdur və səfər çərçivəsində həm sizinlə, həm də ölkənizin digər rəsmi şəxsləri ilə bir sıra səmərəli görüşlər keçirmişdir. Bu görüşlərdə hər iki ölkənin mədəni irsinin qorunması məsələsi diqqət mərkəzində olmuşdur”-deyə, Azərbaycan hökumətinin başçısı bildirib. (modern.az)
 
Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar