SON XƏBƏRLƏR

Almaniya: “İranın nüvə danışıqları ilə bağlı təklifləri qəbuledilməzdir”

2021.12.07, 11:03
Almaniya: “İranın nüvə danışıqları ilə bağlı təklifləri qəbuledilməzdir”

Gunaz.tv

 Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü dünən mediaya açıqlamasında deyib ki, rəsmi Berlin İranın nüvə danışıqları ilə bağlı irəli sürdüyü təkliflərini diqqətlə nəzərdən keçirib.

“Biz İranın bütün təkliflərini diqqətlə araşdırıb nəzərdən keçirmişik. Bu təkliflər qəbuledilməzdir. Demək olar ki, İran son aylarda əldə edilmiş razılaşma layihələrinin hamısını bir kınara qoyub. 

Hesab edirik ki, İranın irəli sürdüyü təklifləri danışıqların uğurla başa çatması üçün əsas ola bilməz”, -deyə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Xatırladaq ki, nüvə razılaşmasının canlandırılması üçün noyabrın 29-da başlanan və bir neçə gün davam edən Vyana danışıqları dekabrın 3-də dayandırılıb.

Qərb diplomatlarının dediyinə görə, müzakirələrin dayandırılmasına isə İranın danışıqlar masasında dekonstruktiv mövqedən çıxış etməsi səbəb olub.

Qeyd edək ki, Vyana danışıqlarına qatılan İran nümayəndə heyətinin başçısı Əli Baqiri Kəni ötən həftə jurnalistlərə açıqlamasında Tehranla danışıqlar aparan avropalı tərəflərə  “Ədalətsiz sanksiyalar sənədi” və “Nüvə işləri üzrə sənəd” adlı iki sənədi təklif etdiyini bildirmişdi.

Tehran, Vyanada hər hansı yeni bir razılaşmanın əldə olunmasından əvvəl Amerikanın İrana tətbiq etdiyi bütün sanksiyaların ləğv olunmasını tələb etsə də, qarşı tərəf bunun mümkün olmadığı bildirərək, İranın bu tələbini rədd edir.

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar