SON XƏBƏRLƏR

Həmədanda su böhranı son həddə çatdı

2021.10.20, 07:36
Həmədanda su böhranı son həddə çatdı

Gunaz.tv

Həmədan əyalətinin Regional Su Şirkətinin mühafizə və istismar işləri üzrə sədr müavini Davud Şahsövənd deyib ki, Həmədan əyalətində su böhranı dərinləşib və bu sahədə qırmızı təhlükə siqnalı çalınıb.

Şahsövənd, Ekbatan bəndində su həcminin 2.2 milyard kubmetrə düşdüyünü,  hazırkı istifadə qaydası ilə yalnız noyabr ayının ilk günlərinə kimi içməli su təminatının həyata keçirilə biləcəyini deyib.
 
O, cari yağış ilində Həmədan əyalətinə düşən yağıntı miqdarının 281 milimetr olduğunu, bunun ötən ilin oxşar dövrü ilə müqayisədə 42% azaldığını söyləyib.

Regional Su Şirkətinin mühafizə və istismar işləri üzrə sədr müavini deyib ki, hidrometrologiya xidmətindən verilən proqnozlara görə, yaxın müddətdə su çatışmazlığı problemini həll edəcək qədər yağıntı gözlənilmir.

“Belə vəziyyətdə içməli su çatışmazlığının aradan qaldırılması üçün şəhərdən qıraqda olan quyuların və kənd təsərrüfatı sahəsində istifadə olunan başqa su qaynaqlarının icarəyə götürülməsi qaçılmazdır”-deyə, Davud Şahsövənd bildirib.

Qeyd edə ki, bir neçə gün bundan öncə Həmədan əyalətinin Su və Kanalizasiya Şirkətinin sədr müavini Həmidrza Nikdad da, mətbuat nümayəndələrinə verdiyi müsahibədə çox sayda kəndin içməli su problemi ilə üzləşdiyini qeyd etmişdi.

“Son bir ayda içməli su problemi yaşayan 84 kəndin 59-a su tankerləri vasitəsilə içməli su çatdırılır. Bu kəndlər Su və Kanalizasiya Şirkətinin səlahiyyət sahəsində yerləşir, 25 kənd isə təşkilatın səlahiyyətləri dairəsində yerləşmir”-deyə, Nikdad söyləmişdi.

Bununla yanaşı Həmədan yalətinin abadlıq işlərinin kordinasiyası üzrə vali müavini Fərhad Fərzanə əyalətin su çatışmazlığı böhranı astanasında olduğu barədə xəbərdarlıq edib.

Fərhad Fərzanə əyalətin əsas su təminatçısı olan “Ekbatan” bəndinin suyundan istifadənin düzgün idarə olunmadığı təqdirdə ciddi su çatışmazlığı böhranının qaçılmaz olduğunu qeyd edib. 

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar