SON XƏBƏRLƏR

Mahmud Əmiri Müqəddəm: “İranda insan hüquqları bəyannaməsinin bütün maddələri pozulur”

2021.10.20, 07:36
Mahmud Əmiri Müqəddəm: “İranda insan hüquqları bəyannaməsinin  bütün maddələri pozulur”

Gunaz.tv

GünAz TV: “İran İnsan Hüquqları Təşkilatı”nın sədri Mahmud Əmiri Müqəddəm bildirib ki, insan hüquqların bəyannaməsinin İran tərəfindən pozulmayan heç bir maddəsi yoxdur və bu hal 40 ildir davam edir.

 

O qeyd edir ki, İranda insan hüquqlarının pozulması halı inqilabdan sonra Şahlıq dövründə çalışan rəsmilərin qısa müddət ərzində vəkillə təmin edilmədən yeni qurulmuş inqilab məhkəmələri tərəfindən edam olunmaları ilə başladı.

 

Mahmud Əmirinin sözlərinə görə, İran məhkəmə sistemi mövcud rejimi qoruyub saxlamaq üçün təşkil edilmiş bir siyasi institutdur. İnqilabdan sonra bu sistemin ölkədə ədaləti bərqərar edəcəyi bildirilsə də, bu baş tutmadı. İran ana yasasında məhkəmə sisteminin müstəqil qurum kimi fəaliyyəti nəzərdə tutulsa da, onun başçısı “dini lider” tərəfindən təyin edilir. Məhkəmələrin fəaliyyəti şəffaf deyil və hakimlər rejimə sədaqətlərinə əsasən təyin edilirlər.

 

“İran İnsan Haqları Təşkilatı”nın rəhbəri həmçinin inqilabın ilk günlərindən dini və milli azlıqların, eləcə də qadınların ayrı- seçkiliyə məruz qaldıqlarını və bu halın bu günə qədər davam etdiyini deyib. Bundan əlavə, İran fikir azadlığına hörmətlə yanaşmayan əsas ölkələrdəndir. Bunun nəticəsində də son illər jurnalistlər, vətəndaş cəmiyyəti və vəkillərə qarşı yürüdülən repressiv siyasət hələ də öz şiddəti ilə davam etməkdədir.

 

İranda edamların sayına da toxunan Mahmud Əmiri bildirib ki, məhkəmə sisteminin fəaliyyətinin şəffaflıq prinsipi əsasında qurulmaması və çıxarılan hökmlərin məxfi saxlanılmasına görə İranda icra edilmiş edam hökmlərinin dəqiq statistikasını söyləmək çətindir. Bununla belə, İran son 40 il ərzində ən çox edam hökmü icra etmiş ölkələrdən biridir və son 10 il ərzində ölkədə azı 7 min nəfər bu cəzaya məhkum edilib.

 

Xatırladaq ki, ötən həftə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo bildirmişdi ki, “ayətullah Xomeyni 1979-cu ildə İran xalqına xoşbəxtlik vədi satdı, 40 ildən sonra İranın korrupsioner rejiminin xalqa pozulmuş vəddən başqa verəcəyi heç bir şey yoxdur”.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar